ELM VƏ TƏHSİL
AMEA İctimai Elmlər Bölməsinin büro iclası keçirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın akademik-katibi, akademik Nərgiz Axundova iştirakçılara iclasın gündəliyindəki məsələlər barədə ətraflı məlumat verib, görüləcək işlərdən danışıb.
İlk elmi-təşkilati məsələ kimi Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsindən söz açılıb. Nərgiz Axundova akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin yaradılmasından bəhs edib. Bildirib ki, müxtəlif elmi istiqamətlərdə nəzəriyyənin gücləndirilməsi, nəzəri problemlərin aradan qaldırılması və yeni tədqiqatlar ortaya qoymaq məqsədilə nəzəriyyəyə dair şöbələrin təşkili zəruri hesab edilir.
Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ “Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən elmi tədqiqat proqramının hazırlanması ilə bağlı olub. Elmi işlərlə əlaqəli proqramların formalaşdırılmasından danışan akademik-katib müxtəlif elmi tədqiqat müəssisələrindən mütəxəssislərin bu proqramın tərtibinə cəlb olunmasının, eləcə də arxeoloq, etnoqraf, zooloq, dilçi və incəsənət nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının əhəmiyyətindən söz açıb.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı xalçaşünaslığın zoologiya elmi ilə birbaşa əlaqəsindən, ekoloji təmiz xammal əldə etmədən xalça hazırlamağın mümkün olmadığını, qoyun yunlarındakı parazitlərə qarşı mübarizə aparmaqla yüksək keyfiyyətli yun alına biləcəyini bildirib.
İclasda bir sıra kadr məsələlərinə də toxunulub. Bölmə üzrə doktorantların dissertasiya mövzularının adlarının dəyişdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda AMEA-nın müxbir üzvləri – Hacıfəxrəddin Səfərlinin və Məsumə Məlikovanın 90 illik yubileylərinin təşkili barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağından danışılıb. Həmçinin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar tədbirlər planı ətrafında müzakirələr aparılıb.