ELM VƏ TƏHSİL
AMEA Lənkəran Regional Elmi Mərkəzində yeni tropik-subtropik meyvə üzərində tədqiqatlar davam etdirilir
Bakı, 27 iyun, AZƏRTAC
Son illər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) çay və sitrus bitkiləri ilə yanaşı, quayava (Psidium quayava) bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsi və onun təsərrüfat əhəmiyyətinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə olunub. Bu barədə akademiyanın Lənkəran REM-in direktoru, professor Fərman Quliyev məlumat verib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasından introduksiya edilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin rayonlaşdırılması istiqamətində geniş araşdırmalar aparılıb.
Professor Fərman Quliyev mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növü olan quayavanın rayonlaşdırılması istiqamətində 20 ilə yaxındır ki, elmi-tədqiqat işləri apardıqlarını deyib. Qeyd edib ki, vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada, sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə olunub. Tərkibində rekord miqdarda antioksidantlar olan quayava ən qiymətli meyvələrdən hesab edilir və böyük təsərrüfat əhəmiyyətinə malikdir, onun bitkisinin meyvəsindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə olunur.
Alim bu ətirli meyvənin bütün hissələrinin vitaminlərlə zəngin və turşaşirin dada malik olduğunu, onun yarpaqlarından efir yağları alındığını, eləcə də yarpaqları, çiçəkləri və meyvələrinin bakterisid təsirli olduğunu, dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, quayavada rekord miqdarda C vitamini olduğundan, bu meyvədən müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifadə edilməsi tövsiyə olunur. Şirəli meyvələri bronxial-astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür. Yarpaqların həlimi isə güclü öskürəkəleyhinə vasitə hesab olunur.
“AMEA-nın Lənkəran REM-də quayavanın artırılması istiqamətində intensiv işlər görülür. Öz müalicəvi xüsusiyyətləri ilə cənub bölgəsinin simvollarına çevrilmiş limon, naringi, feyxoadan geri qalmayan və bəzi hallarda onları üstələyən quayava bitkisi təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların böyük marağına səbəb olacaq", - deyə Fərman Quliyev qeyd edib. O, bu möcüzəvi bitkinin tezliklə tanınacağına, bölgədə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutacağına əminliyini ifadə edib.
Alim bildirib ki, onun rəhbərliyi ilə AMEA Lənkəran REM-in Azərbaycan Meyvəçilik və Bağçılıq İnstitutunun Lənkəran çay filialındakı təcrübə bazasında quayavanın rayonlaşdırılması və çoxaldılması istiqamətində aparılan tədqiqatlar öz bəhrəsini verməkdədir. Yetişmə qabiliyyəti 90 faizdən yuxarı olan və qidalı dibçəklərdə yetişdirilən tropik quayava qələmlərini Lənkəran REM-dən əldə etmək mümkündür.