ELM VƏ TƏHSİL
AMEA NAXÇIVAN BÖLMƏSİNİN BİR YAŞI VAR
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi yaradılmasından bir il keçir. Müxbirimizin - Ötən müddətdə bölmədə hansı işlər görülüb – sualına bölmənin sədri, akademik İsmayıl Hacıyev cavab verərək demişdir: Ötən müddətdə bölməmizdə 6 elmi tədqiqat institutu yaradılmışdır. Bölmənin iki əməkdaşı doktorluq dissertasiyası müdafiə etmiş, daha 4 nəfər əməkdaşımız doktorluq, 6 nəfər isə namizədlik dissertasiyalarını tamamlamış və yaxın günlərdə müdafiə edəcəkləri nəzərdə tutulmuşdur. Bölməmizdə hələlik 170 nəfər elmi əməkdaş, texniki heyət fəaliyyət göstərir. Bioresurslar institutunun tərkibinə daxil olan Nəbatat bağından və “Şornav” deyilən ərazidən tədqiqat işlərinin aparılması üçün institut əməkdaşlarına hər cür şərait yaradılmışdır. Vaxtilə su çatışmazlığı ucbatından Nəbatat bağında bir sıra nadir bitki və ağaclar tələf olmuşdur. Nəbatat bağı yenidən qurulur. Bu ərazidə yeni subartezian quyusunun işə düşməsi hesabına xeyli abadlaşdırma işi aparılmışdır. “Şornav” ərazisində Bioresurslar İnstitutunun 50 hektarlıq təcrübə sahəsində müxtəlif buğda sortları 2 növ çaytikanı, 46 növ üzüm, tumlu və çəyirdəkli meyvə və giləmeyvə bitkiləri yetişdirilir, onların genefondu yaradılır. İnstitut əməkdaşları müxtəlif meyvə və bitkilərdən olan qoz, yemişan, itburnu, sarıçiçək, darçın, tərxun, kəklikotu, boymadərən, moruq, pişiknanəsindən 14 adda ekstraktlar, cövhərlər, yağlar, sular alırlar. Bölməmizlə Moskva vilayəti Elektroqorsk şəhərində yerləşən “EKO-lat” Elm-İstehsalat Birliyi arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə alınmış ekstraktların, yağların, cövhərlərin və suların həmin birliyə satılmağı nəzərdə tutulmuşdur. Bir il bundan öncə ölkəmizin başçısı Heydər Əliyevin Sərəncamı ilə yaradılmış AMEA-nın Naxçıvan bölməsi təkcə Naxçıvanda deyil, bütövlükdə respublikada elmin inkişafına təkan verəcəkdir.