REGİONLAR


AMEA Naxçıvan Bölməsi sədrinin məqaləsi ispandilli “İRS-Herencia” jurnalında çap olunub

Naxçıvan, 22 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilində çap olunan “İRS-Herencia” beynəlxalq jurnalının son nömrəsində dərc edilib.

Bölmənin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Əlincəqala - Azərbaycanın əyilməzlik simvolu” adlı məqalədə Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri olan Əlincəqala barədə məlumat verilib, Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın fotoşəkilləri yer alıb.

Məqalədə qeyd olunur ki, Əlincəqala Naxçıvan şəhərindən 30 kilometr şərqdə, Culfa rayonunun Xanəgah kəndi ərazisində, Əlincə çayının sağ sahilində, 1811 metr hündürlükdə sıldırım Əlincə dağının üzərində yerləşir. Qala bu ərazidə yaşamış Əlincək tayfa birliyi tərəfindən eramızdan əvvəl tikilib, eramızın V əsrinə qədər tam bərpa edilib. Əlincək qədim türk boylarından biridir. Əlincə adı isə həmin tayfa birliyinin adından yaranıb.

Bildirilir ki, Əlincəqala ən qədim müdafiə qalası və yaşayış yeri olub. Bu qalanın tarixi Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixi ilə sıx bağlıdır. Əlincəqala haqqında orta əsr mənbələrində çoxlu məlumatlar var. Bu mənbələr içərisində Əlincəqalanın adının çəkildiyi elmə məlum olan ən qədim qaynaq “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalanın adına dastanın “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyunda rast gəlinir.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanın əyilməzlik simvolu, xalqımızın qürur mənbəyi olan Əlincəqala dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdəki digər maddi-mədəniyyət abidələri kimi yüksək dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncama əsasən muxtar respublika ərazisindəki abidələr qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb. Əlincəqala Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli qərarı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikası ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri”nin siyahısına dünya əhəmiyyətli abidə kimi daxil edilib.

Qeyd olunur ki, Ali Məclis Sədrinin 2014-cü il fevralın 11-də imzaladığı “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən 2014-cü il aprel ayında Əlincəqalada bərpa işlərinə başlanılıb. Qalanın zirvəsinə yol çəkilib, Əlincəqaladakı qədim yaşayış yerləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hövzələri tədqiq edilib, onların forması müəyyənləşdirilib. Qala tarixi görkəmi saxlanılaraq bərpa olunub. Həmçinin Əlincə dağının qərb ətəyində, qalaya qalxan yolun kənarında “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb.

Əlincəqalada bərpa-abadlıq işləri başa çatdırılıb və 2016-cı il iyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə qalanın açılış mərasimi olub.

Akademik İsmayıl Hacıyevin “Əlincəqala - Azərbaycanın əyilməzlik simvolu” adlı məqaləsi ispandilli ictimaiyyətin Naxçıvanın dünya əhəmiyyətli abidəsinin tarixi və orada aparılan bərpa işləri ilə tanış edilməsi baxımından əhəmiyyətli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.