REGİONLAR


AMEA Naxçıvan Bölməsində Abbas Zamanovun anadan olmasının 110 illiyi qeyd edilib

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Hacıfəxrəddin Səfərli tədbirin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin alimin 110 illik yubileyi münasibətilə imzaladığı 2021-ci il 1 oktyabr tarixli qərara əsasən keçirildiyini bildirib.

Professor Abbas Zamanovun həyat və yaradıcılığı barədə danışaraq qeyd edib ki, çətin və keşməkeşli həyat sürən alim vətənpərvər şəxsiyyət kimi formalaşıb, Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət edib, qətiyyətli mövqeyindən heç zaman dönməyib. Zəhmətkeş alim ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verib, Azərbaycan ədəbi mühiti, mədəniyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Bu baxımdan əminliklə deyə bilərik ki, Abbas Zamanov vətənpərvər alim missiyasını uğurla yerinə yetirib.

Yığıncaqda “Ədəbi əlaqələrin inkişafında Abbas Zamanov erası” mövzusunda məruzə edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Abbas Zamanovun zəngin həyat və yaradıcılıq yoluna nəzər salıb. Məruzədə mətnşünas alimin çoxsahəli fəaliyyəti, onun ədəbiyyatşünaslıq elminə bəxş etdiyi əsərlər və mühüm şəxsi keyfiyyətləri təhlil olunub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Abbas Zamanovun mollanəsrəddinşünaslıq tədqiqatları” mövzusunda məruzəsində vurğulayıb ki, XX əsr Azərbaycan maarifçi realistlərinin, eləcə də romantiklərinin yaradıcılığı Abbas Zamanov tərəfindən öyrənilib və nəticədə fundamental elmi əsərlər ərsəyə gəlib.

“Abbas Zamanov yaradıcılığında “Cənub xatirələri” başlıqlı məruzəsində bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva deyib ki, professor Abbas Zamanov Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.