REGİONLAR


AMEA Naxçıvan Bölməsində Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

Naxçıvan, 14 may, AZƏRTAC

Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biridir. Onun tədqiqat əsərləri də bu gün ən dəyərli mənbələrdəndir.

AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində Azərbaycan dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfransda səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

“Məmməd Cəfər Cəfərov ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb. Bundan əlavə, alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işləri işıq üzü görüb”, – deyən İsmayıl Hacıyev diqqətə çatdırıb ki, görkəmli akademik 700-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, dərsliklərin müəllifi olub.

Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, filologiya üzrə fəlsəfə doktorları Nərgiz İsmayılova və Çinarə Rzayevanın məruzələri dinlənilib.

Tədbir çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.