REGİONLAR


AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” ilə bağlı silsilə tədbirlər keçirilir

Naxçıvan, 13 mart, AZƏRTAC 

Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində Elm günü çərçivəsində təşkil olunan “Elm həftəsi” adlı tədbirdə danışılıb.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Respublikamızda elmə göstərilən diqqət və qayğıdan danışan akademik əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, 2002-ci il avqust ayının 7-də Ümummilli Liderin təşəbbüsü ilə yaradılan AMEA Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində ən son avadanlıqlarla təchiz edilib. Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları və təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilib, müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında qeyd edib ki, Azərbaycanda elmin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ardıcıl diqqəti sayəsində Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Görkəmli dövlət xadiminin elmin inkişafına yönəlmiş fəaliyyəti Prezident İlham Əliyevin də siyasətinin əsasını təşkil edir. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Bildirilib ki, elmin davamlı inkişafına dəstək Naxçıvan Muxtar Respublikasında da daim diqqətdə olub. AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının formalaşması, inzibati binalarının tikilib istifadəyə verilməsi, təşkilati strukturun yenidən qurulması muxtar respublika rəhbərinin bu sahəyə ardıcıl diqqətinin bariz ifadəsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikası Mükafatlar Komissiyasının yaradılması, elmi əhəmiyyəti ilə seçilən əsərlərin və memarlıq layihələrinin dövlət mükafatlarına layiq görülməsi elmin inkişafına verilən dəyərin göstəricisidir.

Surə Seyid vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Bilik Fondunun təsis edilməsi və qısa müddətdə uğurlu fəaliyyəti aktual mövzulara həsr olunmuş onlarla kitabın işıq üzü görməsinə səbəb olub. Muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı bundan sonra da öz töhfələrini verəcək.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli institutun 2009-2018-ci illərdəki elmi fəaliyyəti, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva isə muxtar respublikada qadın alimlərin fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib, sözügedən institutun fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.