REGİONLAR


AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlamasının 113 illiyi qeyd olunub

Naxçıvan, 18 aprel, AZƏRTAC

Əsərləri, publisistikası və mətbuat sahəsindəki fəaliyyəti ilə Cəlil Məmmədquluzadə Azərbaycan xalqının maariflənməsində əvəzsiz işlər görüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin” satirik jurnalının ilk nömrəsinin çapdan çıxmasının 113 illiyinə həsr olunan elmi konfransda səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından, onun təşəbbüsü, naşirliyi ilə dərc edilən “Molla Nəsrəddin” jurnalının milli mətbuatımızın inkişafında yeri və rolundan danışıb.

Akademik jurnalın 1906-cı ilin aprelində nəşrə başladığını, 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunduğunu söyləyib. Qeyd edib ki, nəşr öz ətrafında Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzə Əli Möcüz kimi görkəmli simaları birləşdirməyi bacarıb və böyük bir məktəb yaradıb. Zülmə, əsarətə, avamlığa qarşı kəskin mübarizə aparan Cəlil Məmmədquluzadə jurnalda karikaturalara geniş yer verməklə, xalqı bir çox mətləblərdən agah edib.

Nəşrin 100 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçısı tərəfindən 2006-cı ildə sərəncam imzalandığı diqqətə çatdırılıb, jurnalın latın qrafikası ilə yenidən çap olunduğu bildirilib.

Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilik”, institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Molla Nəsrəddin” jurnalı və dil məsələsi”, Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Molla Nəsrəddin” jurnalı və folklor”, Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin laborantı Şəmsiyyə Zalovanın “Molla Nəsrəddin” jurnalında qrafika sənəti” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.