REGİONLAR
AMEA Naxçıvan Bölməsində Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı onlayn müzakirə olunub
Naxçıvan, 16 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu bölmənin Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının onlayn müzakirəsini keçirib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən, bu sənədin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların dünyagörüşlərinin artırılmasındakı rolundan danışıb.
Alim tövsiyə olunan nəşrlər sırasında Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının da yer aldığını diqqətə çatdıraraq bildirib ki, müasir dövrümüzdə cəmiyyət həyatında baş verən prosesləri dolğun təsvir edən romandakı hadisələr keçmiş tariximizə işıq salır, həmçinin bu günün reallıqları ilə də səsləşir. Tofiq Əliyev sözügedən əsərin tarixi nöqteyi-nəzərdən mükəmməl, müasirlik baxımından isə aktual və ibrətamiz olduğunu söyləyib.
Daha sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Elçin Əfəndiyevin “Baş” romanının mövzusu haqqında” məruzəsi dinlənilib.
Onlayn tədbirdə bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva görkəmli yazıçı Elçin Əfəndiyevin bədii yaradıcılığından ətraflı bəhs edib.