REGİONLAR
AMEA Naxçıvan Bölməsində “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” və “Alüminium və dəmir” adlı kitablarının təqdimatı olub
Naxçıvan, 1 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” və “Alüminium və dəmir” adlı kitablarının təqdimatı olub.
Bölmədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək, akademiyanın müxbir üzvü Əli Nuriyevin elmi məsləhətçiliyi ilə işıq üzü görən nəşrlər haqqında ümumi məlumat verib. Alim “Xörək duzu təbiətin bəşəriyyətə töhfəsidir” əsərindən danışaraq bildirib ki, kitabda Naxçıvanın daş duz yataqları, xörək duzunun sənayedə, tibdə tətbiqinə dair məlumat, xörək duzu ilə bağlı deyimlər, miflər və maraqlı faktlar, o cümlədən dünyanın tanınmış daş duz yataqları, duz muzeyləri və məşhur duz göllərinə dair maraqlı yazılar verilib.
Əliəddin Abbasov müəllifin “Alüminium və dəmir” adlı kitabında isə müxtəlif sahələrdə geniş tətbiq edilən alüminium, eləcə də dəmirin analitik kimyasına, çəki və həcmi metodlarla təyininə, onların əsas birləşmələrinə, təbii xammal yataqlarına, alınma texnologiyasına və müxtəlif sahələrdə tədqiqlərinə dair məlumatların öz əksini tapdığını deyib.
Daha sonra institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Xörək duzu, alüminium və dəmir haqqında qiymətli əsərlər” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova və mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov hər iki nəşrlə bağlı öz fikirlərini bölüşüblər.
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.