REGİONLAR
AMEA Naxçıvan Bölməsində bu ilin ilk yarısında görülən işlər müzakirə edilib
Naxçıvan, 12 avqust, AZƏRTAC
Bu ilin ilk altı ayı ərzində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 58 qərarı, 4 sərəncamı qəbul edilib. Tədqiqat dövründə bölmə əməkdaşlarının, ümumilikdə, 360 elmi əsəri çap olunub, bir xəritə tərtib olunub. Əsərlərdən 2 monoqrafiya, 1 kitab, 52 məqalə, 47 konfrans materialı xaricdə işıq üzü görüb. 213-ü beynəlxalq nüfuzlu elmi jurnallarda, 3-ü “Clarivate Analytics”də (“Thomson Reuters”), 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar AMEA Naxçıvan Bölməsinin ümumi yığıncağında səsləndirilib.
Yığıncaqda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Bölməsinin əməkdaşlarının da qarşısında mühüm vəzifələr qoyulduğunu deyib.
Akademik qeyd edib ki, bəhs olunan dövrdə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının iki, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, ikinci nömrəsi isə çapa hazırlanıb. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir. Hesabat dövründə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub. Bölmə əməkdaşları respublika və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər.
“Bu ilin ilk yarım ilində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri təşkil edilib”, - deyən İsmayıl Hacıyev akademik istehsalyönümlü tədqiqatlar və onların nəticəsindən də danışıb. Bildirib ki, bölmə əməkdaşları tərəfindən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər isə davam etdirilir. Həmçinin bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadratkilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.
Tədbirdə çoxillik səmərəli elmi fəaliyyətlərinə və 70 illik yubileylərinə görə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov bölmənin fəxri fərmanı ilə təltif ediliblər.
Sonda bölmənin elmi-tədqiqat müəssisələrinin direktorları ilə cari məsələlər müzakirə olunub.