REGİONLAR
AMEA Naxçıvan Bölməsində elmi-tədqiqat institutlarının hesabatı dinlənilib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya və İncəsənət, Dil və Ədəbiyyat institutlarının 2020-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı olub.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək hesabat dövründə hər iki institutun fəaliyyətlərini yüksək qiymətləndirib və qarşıya qoyulan vəzifələrə nail olunduğunu bildirib.
Yığıncaqda çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli institut əməkdaşlarının cari il üçün hesabatı haqqında məlumat verib. Qeyd edib ki, bu il Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda bir istiqamət, problem və mövzu ətrafında 8 iş üzrə 16 mərhələdə elmi-tədqiqat işləri aparılıb. Hеsаbаt dövründə Nахçıvаn tаriхinin müхtəlif prоblеmlərinə dair araşdırmalar aparılıb, diyarın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr davam etdirilib. Ümumilikdə, 2020-ci ildə əməkdаşlаrın 144 еlmi əsəri (37-si xaricdə, 7-i impakt faktorlu, 3-ü “Web of science” indeksli jurnalda) və 67 qəzеt məqаləsi nəşr оlunub. Çap olunan elmi əsərlərdən 10-u monoqrafiya, 1-i isə kitabdır.
Hacıfəxrəddin Səfərli bildirib ki, hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin şərtlərinə ciddi əməl edən əməkdaşlar elmi fəaliyyətlərinə onlayn şəkildə davam edib, müxtəlif konfranslarda, kitab təqdimatlarında iştirak edib, internet portallarına məqalələr yerləşdiriblər.
Daha sonra çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev diqqətə çatdırıb ki, rəhbəri olduğu qurumda il ərzində bir prоblem və mövzunu əhatə edən 6 iş üzrə 23 mərhələdə tədqiqatlar davam etdirilib. 2020-ci ildə institut əməkdaşlarının 249 elmi əsəri, о cümlədən biri xaricdə olmaqla, 7 monoqrafiyası, biri həmmüəlliflə olmaqla, 7 kitabı, 36-sı xaricdə olmaqla, 226 elmi məqalə və konfrans materialı dərc оlunub. Çap olunan əsərlərin 40-ı xaricdə olmaqla, 147-si beynəlxalq kodludur. Hesabat dövründə əməkdaşların 535 qəzet və sayt məqaləsi müxtəlif KİV-də işıq üzü görüb.
Vurğulanıb ki, institut əməkdaşları müxtəlif kütləvi informasiya vasitələrində, Naxçıvan Muxtar Respublikasının televiziya və radiolarında mütəmadi olaraq elmi-bədii, publisistik verilişlərdə iştirak edərək Naxçıvanın mədəni və ədəbi mühiti, görkəmli şəxsiyyətləri barədə məlumat veriblər. Həmçinin, Naxçıvan fоlklоru onun qədim etnogenezi, xalq yaradıcılığı, o cümlədən yallı xalq ənənəvi qrup rəqsləri, eləcə də Naxçıvanda digər sənət növləri barədə müxtəlif verilişlərin qonağı olublar.
Sonda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.