REGİONLAR
AMEA Naxçıvan Bölməsində ilin birinci yarısında görülən işlər müzakirə olunub
Naxçıvan, 11 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 403 elmi əsəri çap olunub. Elmi məqalələrdən 14-ü impakt faktorlu jurnallarda işıq üzü görüb, 46 əməkdaş respublikada və xaricdə keçirilən 15 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar AMEA Naxçıvan Bölməsində yarım ilin yekunlarına həsr edilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
2019-cu ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdıran akademik qeyd edib ki, ötən dövr ərzində, həmçinin “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub, “Naxçıvan tarixi mənbələrdə” və “Naxçıvan Duzdağı” kitabları çapa təqdim edilib. Bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla, 3 qrant layihənin icrası isə davam etdirilir.
Qurumun beynəlxalq əlaqələrindən söz açan bölmə sədri Türkiyə, İran, Rusiya, ABŞ və Fransanın alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını, bölmə ilə Türkiyənin İğdır Universiteti arasında elmi əlaqələrə dair memorandum imzalandığını bildirib.
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatı verilib. Bölmənin digər əməkdaşları da müxtəlif mükafatlara layiq görülüblər.
Sonda məruzə ətrafında çıxışlar olub.