REGİONLAR


AMEA Naxçıvan Bölməsində yeni yaradılan üzüm sortlarına patent və müəlliflik şəhadətnaməsi verilib

Naxçıvan, 14 aprel, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin üzümçülük üzrə uzun illərdən bəri apardığı məqsədyönlü elmi-tədqiqat işləri uğurla nəticələnib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədqiqatçı alimə müxtəlif genetik üsullarla yeni yaratdığı “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”, “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü” adlı üzüm sortlarına görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən 6 patent və müəlliflik şəhadətnaməsi verilib. Yeni üzüm sortları 2020-ci ilin iyun ayında agentliyin “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydə alınıb.

Qeyd edək ki, “Qəhvəyi kişmişi” tezyetişən, “Əlincə”, “Oğuz üzümü”, “Milax üzümü” orta vaxtda yetişən, “Naxçıvan muskatı” və “Bənəniyar üzümü” isə gecyetişən üzüm sortları qrupuna daxildir. Artıq yeni alınmış perspektivli və iqtisadi əhəmiyyətli üzüm sortlarının ölkəmizin əsas üzümçülük bölgələrində yayılmasına və becərilməsinə başlanılıb.

Təcrübəli alim Varis Quliyev 40 ilə yaxın müddətdə üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində məqsədyönlü elmi-tədqiqatla məşğuldur. Aparılan tədqiqatların əsas məqsədi muxtar respublikada üzüm genofondunun tədqiqi, təsərrüfat-texnoloji xüsusiyyətlərinin araşdırılması, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, seleksiya yolu ilə şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlü yeni sortların əldə olunmasıdır. Aqrar elmləri doktoru, dosent Varis Quliyev həm də “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cildlik “Azərbaycan ampeloqrafiyası” və digər kapital əsərlərin müəllifi və həmmüəllifidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.