REGİONLAR
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına yeni əlyazmalar və qədim kitablar daxil edilib
Naxçıvan, 10 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazmalar və qədim kitablar daxil edilib.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Rizaqulu xan Hidayətin fars dilində “Riyazül Arifin” (hicri qəməri 1305-ci il, Tehran), Müştəri Müstehidzadə Qarabağinin “Riyazül aşiqin” (hicri şəms 1328-ci il, İstanbul), Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (1913-cü il, Bakı) adlı təzkirələri (biblioqrafiyaları) fondun balansına verilib, onların ilkin araşdırmaları aparılıb.
Təzkirələrdə beş naxçıvanlı müəllifin həyat və yaradıcılığı haqqında bu günə qədər tədqiq olunmayan məlumatlar müəyyən edilib.
Əlyazmaların toplanması şöbəsinin rəhbəri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinə böyük töhfə verəcəyini bildirib. Tədqiqatçının sözlərinə görə, bu mənbələr orta əsrlər dövrü elmi mühitini dərindən öyrənmək üçün əsaslı zəmin yaradacaqdır. Təzkirələr o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində də əsaslı qaynaq kimi istifadə oluna bilər.