AMEA Naxçıvan Bölməsinin əməkdaşı Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqasının həqiqi üzvü seçilib
AzerTAg.az
Naxçıvan, 18 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin elmi əhəmiyyəti və əsərlərinə istinadların çoxluğu nəzərə alınmaqla Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqasının həqiqi üzvü seçilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə 1922-ci ildə alimlər, tədqiqatçılar, müəllimlər və başqa sahələr üzrə ziyalılar arasında beynəlxalq mədəni və intellektual əməkdaşlığı təmin etmək məqsədilə Millətlər Liqası nəzdində məsləhətçi orqan kimi təsis edilib. Anri Berqson, Albert Eynşteyn, Mariya Küri, Robert Milliken, Bela Bartok, Tomas Mann, Salvador de Madariaqa və Pol Valeri kimi elm və incəsənət adamları adıçəkilən komitənin tanınmış simaları olublar. Qurum 1946-cı ildən UNESCO tərəfindən maliyyələşdirilir.
Müxtəlif tipli layihələrin birgə planlaşdırılması, ekspertizası, həyata keçirilməsi və nəşri sahələrində səmərəli olan İntellektual Liqa çoxsəviyyəli əməkdaşlıq şəbəkəsidir.

Xəbərin mətnində orfoqrafik səhv var