REGİONLAR
AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına görə Sinqapurun “Materialşünaslığın tədqiqi və tətbiqi” adlı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib.
Akademiyanın Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənc alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı - seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər qazanıb. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkəsinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monoqrafiyaları ölkəmizdə, həmçinin xarici nəşriyyatlar tərəfindən çap olunub.
Qeyd edək ki, Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri-üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, “Novıy universitet” (Yeni Universitet, Rusiya), həmçinin “American Journal of Modern Physics” (Müasir fizikanın Amerika jurnalı) və “İnorganic chemistry” (Qeyri-üzvü kimya) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.