AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq tədbirdə məruzə edib
AzerTAg.az
Naxçıvan, 10 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun elmi işçisi Kübra Vəliyeva Türkiyə Cümhuriyyətinin Bandırma Onyedi Eylül Universitetində Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə onlayn keçirilən II Beynəlxalq Filoloji Tədqiqatlar Konqresində iştirak edib.
Bölmədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç gün davam edən tədbirdə Kübra Vəliyeva “Azərbaycan və ərəb dillərində ürək-damar sistemi tibbi terminlərinin leksik-semantik xüsusiyyətləri” mövzusunda məruzə edib. O, çıxışında azərbaycanlı və ərəb tibb xadimlərinin dünya elminə verdikləri töhfələr, ürək-damar sistemi ilə əlaqəli latın, yunan mənşəli terminlərlə yanaşı, hər iki dilin milli tibbi terminləri, onların leksik, semantik və morfoloji xüsusiyyətləri haqqında məlumat verib.
Kübra Vəliyevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb.

Xəbərin mətnində orfoqrafik səhv var