REGİONLAR


AMEA Naxçıvan Bölməsinin yeni saytı üç dildə fəaliyyət göstərəcək

Naxçıvan, 12 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin müasir dizaynda yaradılmış rəsmi internet saytının (ameanb.az) təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin maddi texniki bazasının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə danışıb. Qeyd edib ki, texnologiyanın yüksək inkişaf etdiyi dövrdə internet resurslarının istifadə imkanlarının artırılması və təkmilləşdirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir.

Hər bir müəssisə və təşkilatda baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, müraciətlərin daha tez cavablandırılmasında saytların əhəmiyyətinə diqqət çəkən akademik bildirib ki, yeni təqdim olunan sayt bölmənin uğurlarını daha geniş səpkidə ifadəetmə imkanına malikdir.

Daha sonra bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova rəsmi internet saytını təqdim edib. Bildirib ki, yeni internet saytı dizaynına, quruluşuna və funksionallığına görə müasir standartlara uyğun şəkildə hazırlanıb. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt 7 bölmə və 17 alt bölmədən ibarətdir.

“Ana səhifə”də saytın əhatə etdiyi bütün istiqamətlər əks olunub, istifadəçilərin rahatlığı nəzərə alınmaqla əsas məlumatlara keçidlər təmin edilib. Bölmənin ümumi fəaliyyətini əhatə etməklə yanaşı, burada, həmçinin Naxçıvan Bölməsinin fəaliyyəti dövründə nəşr olunan kitabların, monoqrafiyaların, jurnalların, dərs və metodik vəsaitlərin, elmi əsərlərin ümumi sayını göstərən sayğac yaradılıb, elmi dərəcəsi olan əməkdaşlar haqqında məlumatlar qeyd olunub.

“Haqqımızda” bölməsində Naxçıvan Bölməsinin yaradılması, fəaliyyəti, dövri-nəşrləri, AMEA-nın üzvləri, Rəyasət Heyəti, burada fəaliyyət göstərən dissertasiya şuraları və onların fəaliyyəti ilə bağlı məlumat almaq mümkündür.

Qeyd olunub ki, saytın “Struktur” adlı bölməsində Naxçıvan Bölməsinin elmi-tədqiqat institutları və tabe qurumlarının fəaliyyəti, eləcə də bu müəssisələrdə mövcud olan şöbə və laboratoriyalar, onların elmi fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər haqqında məlumat verilib, bölmənin nəzdində fəaliyyət göstərən Nəbatat bağı, eləcə də Gənc Alim və Mütəxəssislər Şurası haqqında informasiya əks olunub.

Yeni təqdim olunan saytın “Əməkdaşlıqlar” və “Layihələr” bölmələrində Naxçıvan Bölməsinin respublika və beynəlxalq əhəmiyyətli əlaqələri, bölmə əməkdaşlarının qalibi olduqları qrant layihələr və patentlər haqqında məlumatlar təqdim edilir.

Saytın “Xəbərlər” bölməsində bölmədə baş verən ən son yeniliklər və elanlardan xəbərdar olmaq mümkündür. Burada müraciətçilərin, başqa müəssisə əməkdaşlarının bölmə ilə əlaqəsini asanlaşdırmaq məqsədilə elektron müraciət forması yaradılıb və məlumatların daha əlçatan olması üçün “Axtarışlar” bölməsi hazırlanıb. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası hazırlanıb.

Vurğulanıb ki, saytın üç dillə fəaliyyəti bölmədə baş verən yeniliklərin nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda da izlənilməsinə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.