ELM VƏ TƏHSİL


AMEA Neft-Kimya Prosesləri İnstitutunda akademik Nadir Seyidovun 90 illik yubileyi qeyd olunub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nadir Seyidovun 90 illik yubileyinə həsr olunmuş “Katalizatorlar, olefinlər əsaslı yağlar” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən NKPİ-nin baş direktoru akademik Vaqif Abbasov görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən söz açıb. Nadir Seyidovun alim və şəxsiyyət kimi yüksək mənəvi keyfiyyətlərindən söz açan akademik onun çox sadə, səmimi, gülərüz və mehriban insan olduğunu bildirib. Qeyd edib ki, çox xeyirxah insan olan Nadir Seyidov hər zaman gənclərə böyük dəstək olub, onların müxtəlif elmi müəssisələrdə işlə təmin olunmasına kömək göstərib.

Vaqif Abbasov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunu bir daha işıqlandırmaqdır. İki gün davam edəcək konfransa respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən 154 tezis təqdim edilib.

Konfransda AMEA Neft-Kimya Prosesləri İnstitutunun Katalitik krekinq və piroliz laboratoriyasının müdiri texnika elmlər doktoru, professor Hikmət İbrahimov “Akademik Nadir Mir-İbrahim oğlu Seyidov – elm üçün yaşanan ömür” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, akademik Nadir Seyidov yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq, elmi-təşkilati və ictimai fəaliyyət yolu keçib. O, ilk təhsilini Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə alıb, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunub. Onun kimya elminə böyük maraq göstərməsi o illərdə ADU-nun rektoru olmuş, bu günsə Neft-Kimya Prosesləri İnstitutunun adını qürurla daşıdığı dünyaşöhrətli alim akademik Yusif Məmmədəliyevin diqqətindən kənarda qalmayıb. Nadir Seyidovun diplom rəhbəri olmuş görkəmli alim ona xüsusi qayğı ilə yanaşıb. 1955-ci ildə universiteti bitirdikdən sonra N.Seyidov əmək fəaliyyətinə Yusif Məmmədəliyevin tövsiyəsi və göndərişi ilə 2 saylı qapalı müəssisədə - Olefinlər İnstitutunda başlayaraq, əvvəlcə laborant, sonra isə kiçik elmi işçi, sektor, laboratoriya və şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb, 1997-ci ildən elmi fəaliyyətini AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirib.

N.Seyidovun rəhbərliyi ilə etilenin propilenlə Tsiqler-Natta katalizatorların iştirakı əsasında birgə polimerləşmə prosesləri hərtərəfli öyrənilməyə başlanılır. Tezliklə etilen-propilen kauçukunun prinsipial olaraq yeni üsulla alınması təklif edilir: somonomer olan propilenin soyudulub sıxılmaqla mayeləşdirilməsi və kauçukun suspenziya rejimində həlledicisiz həyata keçirilməsi. Suspenziya üsulunun bir sıra üstünlükləri var idi: prosesin istiliyinin propilen vasitəsilə effektli tənzimlənməsi, prosesi alınmış sopolimerin yüksək qatılığında belə aparmağın mümkünlüyü, suspenziyanın reaktordan asanlıqla çıxarılması, texnoloji sxemin sadələşməsi, bir sözlə, prosesin iqtisadi göstəricilərinin nəzərə çarpacaq dərəcədə (25-30 faiz) yaxşılaşması və s. SSRİ-də patentləşmə işləri ağır və ləng getdiyindən, akademik N.Seyidov tərəfindən ilk müəlliflik şəhadətnaməsi yalnız 1965-ci ildə alınır. Etilen-propilen kauçukunun alınması üçün irihəcmli təcrübə qurğusu inşa olunur və müxtəlif çeşidli kauçukların alınmasına başlanılır. SSRİ Neft Emalı və Neft Kimyası Sənayesi Nazirliyi tərəfindən EPSK-nun hər iki rejimdə sənayedə reallaşdırılması təklif olunur və qəbul edilir.

Keçən əsrin 70-ci illərindən başlayaraq akademik N.Seyidovun rəhbərliyi ilə dünya praktikasında yeni olan yüksək aktivliyə və stabilliyə malik kation tipli katalizatorların alınma üsulları yaradılıb. Metallik alüminiumun tetraxlormetan ilə xlorlaşdırılması yolu ilə alınmış katalitik kompleks dünyanın 10-dan artıq ölkəsində patentləşdirilib. N.Seyidov ilk dəfə olaraq göstərib ki, alüminium dördxlorlu karbonu atomar karbona - nanokarbona qədər reduksiya edir və nanokarbon proses zamanı əmələ gələn alüminium xlorid dimeri ilə kompleks əmələ gətirir və hissəciklər atomar karbonun təsiri altında dayanıqlı quruluş formalaşdırır ki, bunlar da yüksək aktivliyə malik katalitik sistemin alınmasını təmin edir. Göstərilən katalizatorun sənaye qurğularında sınaqdan çıxarılması və tətbiqi məqsədilə iri təcrübi qurğu qurulub, onun alınma texnologiyası öyrənilib. Prosesin reqlamenti hazırlanmış və yarımsənaye katalizatoru şərti olaraq B-18 adlandırılıb. Alınmış katalizator sənaye miqyasında bir sıra proseslərdə, о cümlədən Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində poliizobutilen, “Nijnikamskneftexim” İstehsalat Birliyində suspenziya metodu ilə çətin alınan BK-1675 markalı butil kauçuk, Tolyati sintetik kauçuk zavodunda həlledici mühitində alınan butilkauçuk, Kremençuk zavodunda poliizobutilen istehsalında müvəffəqiyyətlə sınaqdan çıxarılır və müəyyənləşdirilir ki, bu katalizatorun iştirakı ilə prosesin iqtisadi göstəriciləri, məhsulun keyfiyyəti, eləcə də ekoloji parametrləri xeyli yüksəlmiş olur. Qeyd etmək lazımdır ki, sonralar N.Seyidov tərəfindən digər xlorlu karbohidrogenlər əsasında alınmış katalizatorlar olefinlərin oliqomerləşməsi və birgəpolimerləşməsi üçün istifadə edilib və aşağı temperaturda donan yüksək özlülük indeksinə malik sintetik yağlar alınıb. Nadir müəllim sənaye əhəmiyyətli proseslərin optimallaşdırılması və modelləşdirilməsi məsələlərinə xüsusi diqqətlə yanaşırdı. Onun rəhbərliyi altında etilenin propilenlə sopolimerləşməsi prosesinin riyazi modeli tərtib edilib, həmin model əsasında reaktordakı təzyiq və temperaturun sabitlik şərtləri hesablanıb, reaktorun işə salınması və dayandırılması daxil olmaqla müxtəlif rejimlərdə idarəedici parametrləri müəyyənetmə alqoritminin blok-sxemi tərtib edilib, seçilmiş şəraitdə reaktorun yüksək məhsuldarlıqla soyuducu-kondensatorsuz işləyə bilməsi müəyyənləşdirilib.

N.Seyidovun rəhbərliyi ilə olefinlər əsasında yüksək keyfiyyətə malik yeni tip, vulkanlaşmadan yüksək fiziki-mexaniki göstəriciləri özündə daşıyan termoelastoplastların, о cümlədən “yaddaşa” malik polimer materialların alınması, onların xassələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılıb. Axtarışlar nəticəsində sopolimerin tərkibində uzun manqalar formasında etilenin və propilenin paylanmasını təmin edən katalitik sistem yaradılıb və onun iştirakı ilə yüksək çıxımla etilen-propilen termoelastoplastı sintez edilib.

Diqqətə çatdırılıb ki, N.Seyidov yüksəkmolekullu birləşmələr sahəsində özünəməxsus istiqamət yaratmaqla, bu məktəbin əsasını qoyub. O, 400-dən çox əsərin, о cümlədən 4 monoqrafiya, 100-dən çox müəlliflik şəhadətnaməsi, 16 xarici patentin müəllifidir. Akademik N.Seyidovun elmi kadrların hazırlanmasında da böyük xidməti olub, onun rəhbərliyi ilə 4 elmlər doktoru, 40 tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi alıb. О, uzun illər respublikamızın bir sıra ali məktəblərində, о cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Görkəmli alim Azərbaycan elmini müxtəlif beynəlxalq simpozium və konfranslarda, tədbirlərdə təmsil edib, bir sıra işçi qrupu, koordinasiya şurası və jurnalların redaksiya heyətinin üzvü, 2003-2005-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında Kimya bölməsinin Ekspert şurasının sədri olub. O, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Şərəf Nişanı”, “Şöhrət” ordeni ilə təltif olunub, AMEA-nın fəxri fərmanları ilə mükafatlandırılıb. Nailiyyətlərinə və cəmiyyətə verdiyi töhfəyə görə akademik 2002-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən təsis olunmuş “Amerika Şöhrəti” qızıl medalını alıb və “İlin Adamı” seçilib. 2012-ci ildən Prezident təqaüdçüsü idi. Nadir Mir-İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də 83 yaşında dünyasını dəyişib. Nadir müəllim bu dünyadan köçsə də, onun ideyaları davam etdirilir və AMEA Rəyasət Heyəti, Kimya Elmləri Bölməsi, NKPİ tərəfindən elmi konfransın təşkil olunması mərhum akademikə, ümumilikdə ziyalılarımıza göstərilən mənəvi borc, qayğı və diqqətin bariz nümunəsidir.

Tədbirdə AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov çıxış edərək Nadir Seyidovu çox sadə, xeyirxah, qayğıkeş, gülərüz, nikbin bir insan, səmimi dost kimi xatırlayıb, onunla bağlı xatirələrini bölüşüblər. Alimin məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra konfrans işini plenar məruzələrlə davam etdirib. Konfransda “Metakrilat əsaslı ion-maye monomerlər və onlar əsasında polimer və birgə polimerlər”, “Olefinlərin oliqomerləşmə prosesləri üçün effektiv katalitik komplekslərin sintezi”, “1-Naftilaminin hidrogen peroksid iştirakı ilə oksidləşmə polikondensləşməsinin qanunauyğunluqlarının və məhsullarının tədqiqi”, “Hidroxinonstirol və epoksid oliqomerlərin sopolimerləşməsi haqqinda” mövzularında məruzələr dinlənilib. Məruzələrdə diqqətə çatdırılıb ki, akademik Nadir Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft-kimya sintezi problemlərinin həllinə yönəldilib. O, Azərbaycanda polimer kimyası sahəsində özünəməxsus istiqamət yaratmaqla bu məktəbin əsasını qoyub. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların əldə olunması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır.

Alimin ailəsi adından çıxış edən qızı Dilbər Seyidova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Mayın 20-dək davam edəcək konfransın elmi proqramında “Neft-kimya sintezi”, “Monomerlərin sintezi və polimerləşmə reaksiyalarında tətbiqi”, “Oliqomerləşmə və polimerləşmə reaksiyaları üçün katalizatorlar”, “Polimer kompozit materiallar” bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.