ELM VƏ TƏHSİL


“AMEA Təcrübə-Sənaye Zavodu”nun məhsulları yüksək keyfiyyətə malikdir

Zavod bir çoxu strateji əhəmiyyət daşıyan məhsulların istehsalını artırmaqdadır

Bakı, 29 dekabr, AZƏRTAC

“AMEA Təcrübə-Sənaye Zavodu” ölkəmizdə bu tipli ilk və yeganə təcrübə-sınaq müəssisəsidir. Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında innovativ texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, bu proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışı zavodun əsas fəaliyyət istiqamətlərindəndir. Həmçinin burada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarından, ölkəmizin digər elm və təhsil müəssisələrindən daxil olan sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işləri aparılır, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalı və satışı həyata keçirilir. MDB ölkələrinin, o cümlədən Azərbaycanın iyirmidən çox elm və təhsil müəssisəsi ilə zavod arasında geniş elm-texniki əlaqələr qurulub, əməkdaşlıq müqavilələri imzalanıb, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılıb. Zavodda onlarla yeni texnologiya təcrübə-sənaye miqyasında mənimsənilərək respublikamızın iri sənaye müəssisələrində tətbiq olunub.

“AMEA Təcrübə-Sənaye Zavodu”nun direktoru Vasif Abbasov söhbət zamanı diqqətə çatdırıb ki, müəssisədə 2014-cü ildə 8-9 adda məhsul istehsal olunurdusa, hazırda bu rəqəm 67-yə çatıb. “Söhbət əksəriyyəti strateji əhəmiyyətli məhsullar olan həm hərbi təyinatlı, həm də ağır və yüngül sənayedə istifadə edilən sürtkü materiallarından gedir. Zavodda güclü elmi və texnoloji potensial yaradılıb. Belə olmasa, 67 adda məhsulu istehsal edə bilmərik”, - deyə V.Abbasov bildirib. O, nikbinliklə danışır: “Bu gün cəsarətlə deyə bilərik ki, zavodun hazırda istehsal etdiyi məhsullar xaricdən idxal olunanlardan keyfiyyətcə geri qalmır. Qarşıya məqsəd qoyulub ki, zavod dünya standartlarına tam cavab verən məhsullar istehsal etsin. Artıq bunun üçün lazım olan bütün laboratoriya avadanlığı alınıb”.

Xarici şirkətlər zavodun müvəffəqiyyətlərinə qısqanclıqla yanaşır

Zavodun istehsalatı barədə məlumat verən bu müəssisənin baş mühəndisi Adil Ağayev fəxr hissi ilə bildirir ki, elmi-təcrübə işləri ilə yanaşı, Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük tələbat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri də zavodda var. Burada istehsal olunan məhsullar MDB məkanında istehsal edilən məhsullarla tam rəqabət apara bilir və bəzi hallarda onları üstələyir. Hətta elə məhsullar var ki, onları zavod özü icad edib. Əsas diqqət isə innovasiya xarakterli məhsulların sınağına yönəldilib. Zavod Qafqazda ilk dəfə sürtkülərin istehsalını təşkil edə bilib. Bu sürtkülər Avropa standartlarına tam cavab verir.

Baş mühəndisin sözlərinə görə, dünyada ilk dəfə bu zavodda texniki bitki yağları əsasında keyfiyyət göstəriciləri çox yüksək olan sürtkülər alınıb. Ən başlıcası, bu məhsullar ekoloji cəhətdən zərərsiz, iqtisadi cəhətdən isə sərfəlidir. Müəssisədə Avropa standartlarına uyğun bir sıra sürtkü materiallarının istehsalına imkan verən qurğular və müasir laboratoriya – pilot kompleksi yaradılıb. Artıq zavodda Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası institutları alimlərinin və zavodun mütəxəssislərinin birgə əməyi sayəsində strateji əhəmiyyətli, müasir tələblərə cavab verən onlarla adda sürtkü materialı istehsal edilir.

Xarici şirkətlərin zavodun müvəffəqiyyətlərinə qısqanclıqla yanaşdığını bildirən baş mühəndis deyib: “İlk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılıb, Avropanın ilk neft emalı zavodu ölkəmizdə tikilib. Uzun illər bu sahə diqqətdən kənarda qalsa da, son illər Prezident İlham Əliyevin göstərişlərindən sonra bu işə böyük təkan verilib. Bunun nəticəsidir ki, artıq sürtkü materiallarının 30 faizini özümüz istehsal edirik. Yaxın gələcəkdə zavod respublikada istehlak olunan sürtkü materialları istehsalının böyük bir hissəsini öz öhdəsinə götürə bilər. Bunun üçün zavodda lazım olan bütün infrastruktur, peşəkar mühəndis-texniki heyət, həmçinin AMEA-nın sahə institutlarının elmi potensialı var. Bizim istehsal etdiyimiz məhsullar çox keyfiyyətlidir və xaricdən gətirilən analoqlarından ucuzdur. İstifadə etdikdən sonra alıcılar məhsulun keyfiyyətinə əmin olurlar və bu cür məhsullara tələbat artır. Qafqaz bölgəsində sürtkü materiallarının istehsal sexi ilk dəfə ölkəmizdə yaradılıb. Məhsullarımız keyfiyyətinə görə Rusiya, Ukrayna və digər ölkələrin standartlarını üstələyir”.

Məhsullarımızın xarici bazarlara çıxarılması ən böyük hədəfimizdir

Zavodun fəaliyyətində mövcud problemlərə də toxunan A.Ağayev bildirib ki, maneələrin aradan qaldırılması, zavodun fəaliyyətinin təmin olunması üçün işlər görülür. Hazırda zavodun laboratoriya-sınaq mərkəzində hətta əksər xarici müəssisələrdə mövcud olmayan 19 adda analiz metodu mənimsənilib, beynəlxalq standartlara cavab verən qurğular gətirilib. Ümid edirik ki, yaxın gələcəkdə zavod nəinki regionun, hətta dünyanın önəmli təcrübə-sənaye müəssisələrindən birinə çevriləcək. Eyni zamanda, məhsullarımızın xarici bazarlara çıxarılması ən böyük hədəfimizdir.

Akademiyanın bütün institutları, əsasən Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının kollektivləri bizə təmənnasız kömək edir. Zavodun mütəxəssisləri qeyd etdiyimiz institutların əməkdaşları ilə birgə çalışaraq uğurlu işlərə imza atırlar. Qatıldığımız sərgilərdə bir çox xarici nümayəndələr, o cümlədən Türkiyə, İran, Çin və digər ölkələrin mütəxəssisləri zavodumuzun məhsulları ilə maraqlanırlar və öz ölkələrində istehsal olunan məhsullardan keyfiyyətcə daha üstün və ucuz olduğunu etiraf edirlər.

Qeyd edək ki, zavodda elmi-təcrübə işləri ilə yanaşı, müxtəlif mühərrik, transmissiya, kompressor, sənaye, hidravlik yağlar, plastik sürtkü materialları, antifriz, müalicəvi ağ naftalan yağı, karbon dioksid bərk və qaz halında, digər neft kimya profilli məhsullar istehsal olunur.

Maqsud Dadaşov

AZƏRTAC–ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.