ELM VƏ TƏHSİL
AMEA YT Park ilə Rusiyanın “Rusal” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulur
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və Rusiyanın “Rusal” alüminium şirkətinin TRİZ (ixtira məsələlərinin həlli nəzəriyyəsi) layihəsinin rəhbəri Mixail Rubinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkın direktoru Nazim Şükürov müasir dünyada böyük aktuallıq kəsb edən innovativ cəmiyyətin formalaşmasında kadr potensialının hazırlanmasının önəminə toxunub, bu barədə sosial innovasiya təklifini verib. Bundan əlavə, “Rusal” şirkəti ilə YT Park arasında gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasının müsbət nəticələr verəcəyini qeyd edib.
Alunitin emalında maraqlı olduqlarını bildirən Mixail Rubin YT Parkın vergi və gömrük güzəştlərini müsbət qiymətləndirib. O, həmçinin YT Parkın ərazisində İdarəetmə Sistemləri İnstitutu ilə birgə tezlik çeviricilərinin istehsalı layihəsini həyata keçirmək istədiklərini vurğulayıb.
Akademik Telman Əliyev qeyd olunan layihənin təqdimatı üçün zəruri sənədlər zərfinin 10 gün ərzində YT Parkın ekspertlər şurasının müzakirəsinə verilməsini tapşırıb.