ELM VƏ TƏHSİL


AMEA YT Park və “EnterpriseAzerbaijan.com” portalının əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 18 aprel, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan.com” portalının nümayəndəsi Oruc Dursunzadə ilə görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd dövlətimiz tərəfindən sistemli islahatlar, kompleks tədbirlər və ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində, ekspertiza xidmətləri üzrə aparılan yenilikləri müzakirə etmək, əməkdaşlıq əlaqələri qurmaq olub.

YT Parkın direktoru Nazim Şükürov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada istehsal edilən ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. O, YT Parkın məhsullarının xarici bazarlara ixracı zamanı yaranan problemlərin aradan qaldırılması üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən müvafiq sahədə yaradılmış əlverişli şəraitdən istifadə etməyin məqsədəuyğun olduğunu bildirib.

N.Şükürov “EnterpriseAzerbaijan.com” və “Azexport.az” portallarının Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdimi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma olduğunu deyərək, AMEA YT Parkın istehsal etdiyi məhsullar barədə məlumatların bu portallarda yerləşdirilməsinin zəruriliyini vurğulayıb.

Oruc Dursunzadə “EnterpriseAzerbaijan.com” və "Azexport.az" portallarının imkanları, funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda ixracatçılara təklif edilən əlavə imkanlardan bəhs edib. O, portallara inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib. Bildirib ki, “EnterpriseAzerbaijan.com” portalı üzərində startaplar və başlanğıc layihələr üçün investorların cəlb olunması da mümkündür.

O.Dursunzadə, həmçinin innovativ layihələr üçün elan olunmuş müsabiqə barədə məlumat verib. Qeyd edib ki, müsabiqə qalibləri üçün 25000 funt sterlinq məbləğində mükafat və xaricə səfərlər nəzərdə tutulur.

YT Parkın direktoru ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayaraq, AMEA-nın gənc alim və mütəxəssislərinin də bu müsabiqə barədə məlumatlandırmağın önəmini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.