ELM VƏ TƏHSİL
AMEA YT Park və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb
Bakı, 22 iyul, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
AMEA YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və Kapadokiya Texnoparkının baş direktoru Bilgin Yazlık tərəfindən imzalanan sənədin əsas məqsədi iki qurum arasında davamlı əməkdaşlığın qurulması, çoxtərəfli layihələrin həyata keçirilməsi ilə qardaş ölkələr olan Azərbaycan və Türkiyənin texnoloji inkişafına mühüm töhfələr verməkdir.
Protokol çərçivəsində Kapadokiya Texnoparkı AMEA YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin fəaliyyətinin gücləndirilməsində, birgə inkubasiya proqramlarının hazırlanmasında, Türkiyədə texnoparkların inkişafı üçün dəstək proqramlarında, eləcə də Avropa İttifaqı və digər beynəlxalq təşkilatların layihə çağırışlarının reallaşdırılmasında iştirakının təmin edilməsində YTP-yə dəstək göstərəcək. Bundan əlavə, tərəflər innovasiya ekosisteminin inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün qısamüddətli təlim və mentorluq dəstəyinin təmin edilməsi, akademiya-sənaye əməkdaşlığının inkişafı üçün qarşılıqlı təcrübə mübadiləsi və Kapadokiya Texnoparkının Azərbaycan ekosistemi ilə tanış edilməsini təmin edəcəklər.