ELM VƏ TƏHSİL
AMEA YT Parkda istehsal olunan məhsullar daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarılır
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də “AzerGold” QSC-nin podratçısı “Azplast 2012” MMC-nin təchizat şöbəsinin rəhbəri Elçin Həbibov AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) qurumun direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə əsas məqsəd böyük potensiala malik YT Parkda istehsal edilən məhsullarla tanışlıq və gələcəkdə onların satın alınması ilə bağlı müzakirələrin aparılması olub. Qonağa müəssisənin istehsal prosesi, müasir texnologiyalar əsasında əldə olunan rəqabətədavamlı və müxtəlif çeşidli məhsullar barədə ətraflı məlumat verilib. Bildirilib ki, parkda tətbiq olunmuş qabaqcıl texnologiya keyfiyyətli, yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə yaradılan YT Parkın ərazisində hazırda 10 rezident fəaliyyət göstərir. Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsullar, respublika əhəmiyyətli cihazlar hazırlanır və istehsal olunan məhsullar daxili bazarla müqayisədə münasib qiymətlərlə satışa çıxarılır.
YT Parkda istehsal sahələrinin ekskursiyası zamanı “Azplast 2012” MMC-nin nümayəndəsini maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Azərbaycan alimlərinin müəyyən etdiyi formullar əsasında YT Parkda istehsal olunan neft-sürtkü materialları, sənaye və mühərrik yağları, həmçinin dünyəvi brendə malik “Millers oils” Azərbaycan şirkətinin məhsulları qonağın xüsusi marağına səbəb olub. O, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluğunu ifadə edib.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə innovativ layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.