ELM VƏ TƏHSİL
AMEA YT Parkın inkubator rezidenti Almaniyada beynəlxalq ixtisasartırma kursunda iştirak edib
Bakı, 6 iyul, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyeva Almaniyanın Ulm şəhərində menecment sahəsində beynəlxalq ixtisasartırma kursunda iştirak edib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində biznesin idarə edilməsi sahəsində təlimlər və əlaqədar alman şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər keçirilib. M.Səbzəliyeva 10-a yaxın qabaqcıl alman şirkətini ziyarət edib, onların iş prinsipləri və istehsal prosesləri ilə tanış olub.
Qeyd edək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçirilən “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu fərdi sahibkarlar və menecerlər üçün nəzərdə tutulub. Proqram Almaniya və Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi, əməkdaşlıq münasibətlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.