ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları inkubator rezidenti olmağa dəvət edir

Bakı, 13 avqust, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq üçün mühüm işlər görülür, yerli və xarici şirkətlərlə, eləcə də elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulur.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, texnoparkda innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün lazımi şərait mövcuddur. Hazırda YT Parkın Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri çərçivəsində tədbirlər davam etdirilir.

YT Parkda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubatoru rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə vermək üçün əhəmiyyətli addımlar atılır. Biznes inkubatoru yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati təsərrüfat xidmətləri göstərməsini nəzərdə tutur.

Texnoparkda biznes inkubatoru rezidentlərinə ofis, biznes konsultasiya (hüquq, maliyyə və s.), investisiyanın cəlb olunmasına dəstək, reklam dəstəyi, mentor dəstəyi və s. xidmətlər göstərilir. YT Park, həmçinin elmtutumlu fəaliyyəti dəstəkləyərək, inkubator rezidentlərinə lazımi şərait və müəyyən güzəştlər təqdim edir. Yüksək Texnologiyalar Parkının inkubator rezidentləri zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya və s. kommunal-kommunikasiya xidmətləri ilə təmin olunurlar.

Texnopark elm və innovasiyayönümlü, texnologiya tutumlu istehsala başlamaq istəyən sahibkarları biznes inkubatoru rezidenti olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

İnkubator rezidenti olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.