ELM VƏ TƏHSİL
AMEA bölgələrdə elmin kütləvi təbliğinə başlamışdır VİDEO
Şamaxı, 1 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılIğı ilə martın 1-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Əyləncəli elm” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdlərində elmə marağın artırılması və ilkin elmi dünyagörüşün formalaşdırılması, onların AMEA-nın elmi müəssisə və mərkəzləri, həmçinin aparılan elmi tədqiqatlar barədə məlumatlandırılması məqsədi daşıyan tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev aşmışdır. O, AMEA-nın bölgələrdə elmin kütləvi təbliği ilə əlaqədar başladığı kampaniyanın uğurlu keçəcəyinə və fayda verəcəyinə əminliyini bildirmişdir.
Milli akademiya, onun strukturu, dünya şöhrətli alimləri barədə məlumat verən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov elmin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin böyük önəm daşıdığını vurğulamış, intellektual cəmiyyətin formalaşmasında gənclərin rolundan danışmışdır. Gənc alim yeniyetmələrin elmə marağını artırmaq, Azərbaycan elmi, onun gələcəyi üçün möhkəm potensial yaratmaq sahəsində səyləri birləşdirməyin vacib olduğunu bildirmişdir. Qeyd etmişdir ki, gənclərin potensialından səmərəli istifadə, onların elm sahəsinə daha geniş cəlb olunması bu gün AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev təhsilin inkişafına dövlət qayğısından söhbət açaraq demişdir ki, bu gün rayonun ümumtəhsil məktəblərində 11586 şagird təhsil alır. İntellektual gənclik yetişdirilməsinin hazırda təhsil müəssisələrinin qarşısında qoyulan hədəflərdən biri olduğunu söyləyən natiq “Əyləncəli elm” layihəsinin bu işə töhfə verəcəyinə əminliyini ifadə etmiş, rayonun müəllim və şagird kollektivləri adından təşkilatçılara təşəkkürünü bildirmişdir.
Sonra AMEA-nın fizika və kimya institutlarının gənc alimləri bu elm mərkəzləri, onların fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar barədə məktəblilərə ətraflı bilgilər çatdırmışlar. Gənc alimlər əyləncəli təcrübələr nümayiş etdirmiş, onların elmi izahını vermişlər. Bu təcrübələr, elmin məişət və istehsalatdakı rolu barədəki məlumatlar şagirdlərin böyük marağına səbəb olmuşdur.