ELM VƏ TƏHSİL


AMEA-da “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” kitabının təqdimatı olub

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Sənətkarın elmi pasportu” seriyasından ilk monoqrafik tədqiqat – “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik qeyd edib ki, ədəbiyyat tariximizdə görkəmli yer tutan sənətkarlarımızın həyat və yaradıcılıqlarının tədqiqinə yenidən qayıtmaq vacibdir. “Bir sıra görkəmli şair və yazıçılarımızın həyat və yaradıcılıqlarını əhatə edən pasport kitablar uzun illərdir ki, yazılmır. Biz bu istiqamətə yenidən qayıtmışıq. “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” kitabı bu istiqamətdə gördüyümüz işlərin ilk nəticəsidir”, – deyə İsa Həbibbəyli bildirib.

Tədbirdə filologiya üzrə elmlər doktoru İslam Qəribli “Ədəbiyyat tarixçiliyinə yenidən qayıdış: “Əbdürrəhim bəy Haqverdiyev. Həyat və yaradıcılığı” monoqrafiyası” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub ki, institutun yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafik tədqiqatı dövlət müstəqilliyi şəraitində milli ədəbiyyat tariximizə, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarımızın həyatı və yaradıcılığına elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı kimi böyük əhəmiyyətə malikdir.

Vurğulanıb ki, “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrünün yeni təfəkkürü işığında, mümkün qədər keçmiş sovet ideoloji stereotiplərindən fərqli mövqedən yazılıb. Monoqrafiyada görkəmli yazıçının həyatı və yaradıcılığı ədəbi-tarixi prosesin reallıqlarına uyğun şəkildə tədqiq olunub. Sovet dövründə Əbdürrəhim bəy Haqverdiyev haqqında yazılmış elmi əsərlər isə bugünkü tədqiqat üçün mənbədir.

Akademik İsa Həbibbəylinin kitaba yazdığı “Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar” adlı “Ön söz” həm “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”, həm də bütövlükdə “Sənətkarın pasportu” seriyasından nəşr ediləcək sonrakı kitablar üçün nəşrin zərurətini əsaslandıran və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri müqəddimədir.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Musayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy çıxış edərək monoqrafiyanın elmi məziyyətlərindən danışıblar. Bildirilib ki, monoqrafiyada görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli şəkildə təhlil edilib, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri: dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, habelə əsərlərində sənətkarlıq xüsusiyyətləri, ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilib.

Qeyd edək ki, layihənin ideya rəhbəri və kitabın ”Ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Monoqrafiya tədqiqatçılar, ali və orta məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.