ELM VƏ TƏHSİL


AMEA-da Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüş olub

Bakı, 14 may, AZƏRTAC

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş AMEA-nın aprelin 27-də keçirilmiş Ümumi yığıncağının davamı olaraq keçirilib.

Tədbiri akademik Arif Həşimov açaraq bundan öncə bir sıra bölmələrin üzvləri ilə görüşlərin keçirildiyini və AMEA-nın gələcək inkişafına təkan verə biləcək təkliflərin səsləndirildiyini söyləyib. Ümumi yığıncağın davamı olaraq keçirilən görüşün önəminə toxunan akademik təkliflərin ümumiləşdirilərək yekunda qərar layihəsinə salınacağını diqqətə çatdırıb.

Arif Həşimov bölmə üzvlərini müzakirələrdə fəal olmağa çağırıb, mövcud imkanlar çərçivəsində görülə biləcək işlərə dair təkliflərini dinləməyə hazır olduğunu deyib.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev qeyd edib ki, görüşün keçirilməsində məqsəd AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi, islahatlarla bağlı təkliflərin dinlənilməsi və gələcək yol xəritəsinin müəyyənləşdirilməsidir. O bildirib ki, AMEA-nın Ümumi yığıncağına qədər də akademik Arif Həşimovun iştirakı ilə elmi müəssisə və təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib, obyektiv problemlər, büdcədənkənar gəlirlərin artırılması, innovativ fəaliyyətin genişləndirilməsi və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.

Akademik Rasim Əliquliyev görüşün əhəmiyyətli olduğunu və demokratik prinsiplər əsasında təşkil edildiyini bildirib, səsləndiriləcək və yazılı şəkildə veriləcək istənilən fərdi və kollektiv təkliflərin toplanılaraq ətraflı şəkildə təhlil edildikdən sonra Rəyasət Heyətinə təqdim olunacağını vurğulayıb.

Milli Elmlər Akademiyasının fəaliyyətindəki mövcud problemlərə toxunan akademik Rasim Əliquliyev ilk növbədə problemin elmin idarəetməsinin təşkilindən və koordinasiyasından qaynaqlandığını, kadr məsələsində də ciddi problemlər yarandığını deyib, xüsusilə Rəyasət Heyəti aparatında işçilərin say həddinin çox olduğunu bildirib. O, ümumilikdə Rəyasət Heyəti aparatının strukturunda problemlərin mövcudluğunu qeyd edib və işçilərin attestasiyasının ilk olaraq Rəyasət Heyəti aparatından başlanılmalı olduğunu vurğulayıb.

Bundan əlavə, gələcəkdə elmi müəssisə və təşkilatların baş direktorları vəzifəsinə təyinatın elmi ictimaiyyətin müzakirəsi əsasında və etimadı doğrultmuş şəxslərdən seçilməsini təklif edib.

Tədbirdə çıxış edən akademiklər mövcud problemlərə toxunub, AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və s. ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda akademik Arif Həşimov bu təkliflərin Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.