ELM VƏ TƏHSİL


AMEA-da “Müştərək layihə” müsabiqəsi ilə əlaqədar müzakirələr aparılıb

Bakı, 19 iyul, AZƏRTAC 

Cari ilin mayında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) əməkdaşlığı çərçivəsində “Müştərək layihə” müsabiqəsi elan edilib. Müsabiqəyə əsasən, AMEA-nın elmi müəssisələrinin əməkdaşları Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və institutlarından olan həmkarları ilə birlikdə ingilis dilində hazırlanmış layihələrini müvafiq olaraq AMEA və TÜBİTAK-a təqdim etməlidirlər.

İyulun 19-da AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyada layihənin şərtləri, həyata keçirilmə müddəti, qiymətləndirmə kriteriyası, büdcə və digər məsələlər ətrafında müzakirə aparmaq məqsədilə görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin müdirləri və mütəxəssisləri iştirak ediblər.

Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva bu müsabiqənin rəhbərlik etdiyi idarə tərəfindən elan olunmuş dördüncü müştərək layihə olduğunu bildirib. Qeyd edib ki, layihə təklifləri avqustun 31-dək beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur, sentyabrın 14-dək isə imzalanma forması həyata keçiriləcək. Onun sözlərinə görə, seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Türkiyəyə ezamiyyət xərclərini ödəmək üçün nəzərdə tutulur.

E.Əlirzayeva “Müştərək layihə” müsabiqəsinin istiqamətləri, əsas məqsədi və şərtləri haqqında da məlumat verib. Bildirib ki, təqdim edilən layihələr həm Türkiyə, həm də Azərbaycan elmi üçün böyük əhəmiyyət və maraq kəsb edir. O, həmçinin layihədə Türkiyə tərəfindən partnyorların iştirakının vacibliyini vurğulayıb.

Daha sonra beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Elçin Seyfullayev ikitərəfli müştərək proqramda iştirak qaydaları, layihələrin hazırlanması və təqdim edilməsinə tələblər, online qeydiyyat və ərizə formalarının doldurulması ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda fikir mübadiləsi aparılıb, mövzuların seçilməsi, iş planının hazırlanması və ezamiyyətlərin təşkilinə dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.