ELM VƏ TƏHSİL
AMEA-da Nəsiminin 650 illik yubileyi münasibətilə “Məndə sığar iki cahan” adlı tədbir keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Məndə sığar iki cahan” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Coğrafiya və Fəlsəfə institutlarının Qadınlar şuralarının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan olunub. Bununla bağlı Azərbaycanda, o cümlədən xaricdə müxtəlif tədbirlər həyata keçirilir, şairin kitabları nəşr olunur, mətbuatda Nəsimi yaradıcılığı geniş təbliğ edilir.
Məhərrəm Həsənov vurğulayıb ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Onun yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.
Tədbirdə Coğrafiya İnstitutunun Qadınlar şurasının sədri Luiza Salayeva, həmin institutun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev, Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov və aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.
Sonda şairin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.