ELM VƏ TƏHSİL
AMEA-da “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 20 elmi müəssisəsinin əməkdaşları üçün “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı təşkil edilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, proqram “Clarivate Analytics” təşkilatının elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadə və İrina Tixonkova tərəfindən aparılır və iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri barədə ətraflı məlumat verilir.
İki gün davam edəcək seminarda iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumat veriləcək.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və həmin mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər.