ELM VƏ TƏHSİL
AMEA-da beynəlxalq konfrans: “Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək”
Bakı, 22 fevral, P.İmanova, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, akademik İsa Həbibbəyli İran ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin qurulduğunu və inkişaf etdiyini söyləyib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələrin hazırda elm, mədəniyyət sahələrində uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, hazırda AMEA İranın müvafiq elmi-tədqiqat müəssisələri, ali məktəbləri ilə sıx əlaqə saxlayır.
Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutu və Təbriz Universiteti arasında imzalanan protokola əsasən iki qurumun birgə təşkilatçılığı ilə İranda və Azərbaycanda görkəmli sənətkarların yubileylərinin qeyd edildiyini, elmi konfransların keçirildiyini diqqətə çatdırılıb.
Konfransın hər iki qadın şairin yaradıcılığına həsr olunduğunu bildirən İ.Həbibbəyli deyib: “Xurşidbanu Natəvan Azərbaycanın XIX əsrdə yaşayıb-yaratmış qadın şairlərindən biridir. O, həmçinin Qarabağın həyatında mühüm rol oynamış ictimai xadim, xeyriyyəçi kimi də tanınıb. Qədim Qarabağın inkişafında da bir sıra xidmətləri olan X.Natəvan 1872-ci ildə İsa bulağından Şuşa qalasına su xətti çəkdirib. Cəmi 35 il ömür sürmüş P.Etisami isə İranda tanınan və böyük şöhrət qazanan sənətkardır. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Qısa, lakin mənalı ömür yaşamış sənətkarın yaradıcılığı haqqında bizdə məlumat çox azdır. Azərbaycanın görkəmli şairlərindən olan X.Natəvan haqqında isə İranda məlumatlar lazımi səviyyədə deyil. Ona görə də bugünkü konfrans hər iik sənətkarın həyat və yaradıcılığının öyrənilməsinə, tədqiqinə və bu istiqamətdə birgə əməkdaşlığa öz töhfəsini verəcək”.
İranın İslami və Mədəni Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmən Azərbaycan mədəniyyətinin çox zəngin olduğunu, dünya ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etdiyini söyləyib. Özünəməxsus yaradıcılığı ilə seçilən Natəvanın Azərbaycan ədəbiyyatında dərin iz buraxdığını söyləyən Abuzər İbrahimi Türkmən şairin yaradıcılığından nümunələr səsləndirib. O, İranın və Azərbaycanın görkəmli sənətkarlarına həsr olunan konfransın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayacağına əminliyini bildirib.
Qonaq Azərbaycan ilə İran arasında elmi, mədəni əlaqələrin genişləndirilməsini yüksək dəyərləndirib, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin qədim tarixi köklərə bağlı olduğunu söyləyib.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi hər iki sənətkarın yaradıcılığını təhlil edib, onların oxşar və fərqli cəhətlərini nümunələrlə diqqətə çatdırıb.
Konfrans məruzələrlə davam etdirilib. Məruzələrdə X.Natəvanın və P.Etisaminin yaradıcılığından söz açılıb.