ELM VƏ TƏHSİL
AMEA-da coğrafi informasiya sistemləri üzrə təlimlərə başlanılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Coğrafiya İnstitutunda 2 həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli aparır.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, müasir zamanda CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir. İnformasiyanın əldə olunması və emalında, istifadəçiyə çatdırılmasında CİS liderlik mövqeyini saxlayır. CİS-ə yer səthinə aid informasiyaların toplanması, inteqrasiyası və təhlili üçün xüsusi proqramlarla təchiz olunmuş kompüter sistemi kimi baxılır və onlar daim təzələnir. Ölkəmizdə CİS texnologiyaları geniş inkişaf etdirilir, onların nəzəri problemləri öyrənilir, praktikada tətbiq olunur. Bu texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsini vacib hesab edən akademik bu sahədə elmi tədqiqat işlərinin intensivləşdirilməsi və yüksəkixtisaslı kadrlar hazırlanmasının zəruriliyini xüsusi vurğulayıb. CİS təhlildən istifadə edərək verilənlər bazasının yaradılması və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ölkəmizdə qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmasına təkan verə bilər.
Coğrafi informasiya sistemlərinin yaranması və mahiyyəti barədə məlumat verən professor Əli Əkbər Rəsuli qeyd edib ki, aparılan elmi tədqiqatlarda CİS, məkan verilənlərinin strukturu, məkan analizlərinin tətbiqindən geniş istifadə olunmaqla bu istiqamətdə təlim və treninqlərin aparılması ilə müasir tələblərə uyğun səviyyəyə gətirilməsi, eləcə də yüksəkixtisaslı kadrlar hazırlanması tələb olunur. Ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında CİS vasitəsilə əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlilinin zəruriliyi meydana çıxır.
Təlimlərin təşkilində xüsusi rolu olan və ArcGİS proqramı üzrə praktik məşğələlər keçirən geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşı Yaşar Nəsibov CİS proqramlarının tətbiqi barədə danışıb.
CİS üzrə təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edir.