ELM VƏ TƏHSİL
AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabatı dinlənilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. Tədbir AMEA-nın Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib.
İdarənin rəis müavini Ülviyyə Rzayeva AMEA-nın 40-dan artıq institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsində mühüm amil olduğunu söyləyib. Akademiyada müvafiq elm sahələri üzrə böyük bir elmi jurnalist ordusunun formalaşdığını qeyd edən Ü.Rzayeva qələm sahiblərinin Azərbaycan elminin populyarlaşdırılması və təbliğində aparıcı rol oynadığını bildirib.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri hesabat ili ərzində görülən işlər haqqında geniş təqdimatla çıxış ediblər.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.