ELM VƏ TƏHSİL


AMEA-da illik hesabatların hazırlanması qaydaları müzakirə edilib

AMEA-da illik hesabatların hazırlanması qaydaları müzakirə edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bu yaxınlarda Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunduğunu və müvafiq vəzifələrin müəyyən edildiyini söyləyib. Bu məqsədlə verilən tapşırıqların icra vəziyyəti barədə söz açan İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanması üçün bir sıra yeniliklərin tətbiq ediləcəyini diqqətə çatdırib.

Akademik bildirib ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni qaydalar hazırlanmalı, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklər mütləq nəzərə alınmalıdır. Yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının vacibliyini vurğulayıb. Qeyd edilib ki, hazırlanacaq hesabatlarda ənənədən müasirliyə keçilməsi, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məlumatların təşviq edilməsi, elmi müəssisələrin və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması zəruri məsələlər sırasındadır.

AMEA-nın rəhbəri ən müasir texnologiyaların imkanlarından istifadə olunmaqla müvafiq tədqiqat sahələrinin elmi nəticələrini dolğun əks etdirən slaydların, müqayisəli cədvəllərin, analitik təhlillərin meydana qoyulmasının vacibliyini diqqətə çatdırıb, akademiyanın elmi bölmələrinin və elmi-tədqiqat müəssisələrinin rəhbərlərinə zəruri tövsiyə və tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli gələcəkdə türk dünyasını əhatə edən yüksək indeksli elmi jurnalların təsis edilməsi, AMEA-da yüksək indeksli jurnallar yaratmağa nail olmaq üçün təşəbbüslərlə çıxış etməyin, düşünülmüş addımlar atmağın zəruriliyini qeyd edib.

İclasda Milli Elmi İstinad Mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və Fəxrəddin Qədirov çıxış edərək məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.

İclasda doktorantura və magistraturaya qəbulla əlaqədar məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.