ELM VƏ TƏHSİL
AMEA-da magistratura şöbəsi yaradılır
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin strukturunda magistratura şöbəsi yaradılır. Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin sentyabrın 7-də keçirilən iclasında qəbul edilib. Qərara əsasən, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin strukturunda magistratura şöbəsi yaradılıb, şöbənin ştat vahidləri təsdiq edilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda akademiyanın elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademiyada geniş islahatlar aparıldığını söyləyib. Bildirilib ki, 2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib. Elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil edilib və 2015/2016-cı tədris ili üçün magistraturaya 19, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub.
Ə.Sadıqov akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb.
İclasda AMEA-nın magistraturasına qəbulun nəticələri təsdiq edilib, Rəyasət Heyəti aparatının müvafiq idarələrinin və elmi müəssisələrin rəhbərlərinə tədris prosesinin təşkili ilə bağlı tapşırıqlar verilib.