ELM VƏ TƏHSİL
AMEA-da müasir dövrün qlobal ekoloji problemləri müzakirə olunub
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov və RussiaNew.Com İnformasiya Agentliyinin baş direktoru Sergey Rıbakov ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı müasir dövrün qlobal ekoloji problemlərinin səbəbləri, təbiətə və bəşəriyyətə təsiri, fəsadları, iqtisadi zərəri və onların aradan qaldırılması yolları müzakirə edilib. Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələrində bu istiqamətdə aparılan tədqiqat işləri, Xəzər dənizinin tədqiqi və mühafizəsi üzrə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verib. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin Azərbaycana səfərini xatırladan alim müvafiq istiqamətdə beynəlxalq əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söyləyib.
Görüşdə ətraf mühit problemlərinin həlli üçün qlobal monitorinqlər keçirilməsinin, istehsal sahəsinə nəzarətin gücləndirilməsinin, həmçinin cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi işinə elmi ictimaiyyətin cəlb edilməsinin vacibliyi vurğulanıb. Tərəflər bu istiqamətdə konkret məsələləri əhatə edəcək əməkdaşlıq sənədinin imzalanması üzrə razılığa gəliblər.