ELM VƏ TƏHSİL
AMEA-da mülki müdafiəyə dair maarifləndirmə işləri genişləndirilir
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin dövlətimizin başçısının “Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanına, Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” qərarına, Fövqəladə Hallar Nazirliyinin tövsiyələri və akademiyanın tədbirlər planına əsasən təşkil olunduğunu söyləyib. Qeyd edib ki, cari ildə fövqəladə hadisələr zamanı rəhbər və komandir-rəis heyətinin, o cümlədən mülki müdafiə qüvvələrinin hazırlanması məqsədilə elmi müəssisə və təşkilatlarda xəbərdarlıq və toplanış məşqləri keçirilib. Seminar və məşqlər zamanı AMEA əməkdaşlarının fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarması, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənməsi, yanğın təhlükəsizliyi, eləcə də ilk tibbi yardım göstərilməsi qaydalarını mənimsəməsi və onu tətbiq etməyi bacarması istiqamətində maarifləndirmə işləri aparılıb.
E.Quliyev bununla bərabər bəzi müəssisələrdə yoxlamaların aparıldığını, maarifləndirmə işlərinin 2019-cu il mülki müdafiə tədbirlər planına uyğun keçirilmədiyini və tədris prosesinin yaxşı təşkil edilmədiyini bildirib, nöqsanların aradan qaldırılması, eləcə də Mülki Müdafiə qərargah rəislərinin yerlərdə fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlarını çatdırıb. Şöbə rəisi, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında çağırışçıların və hərbi vəzifəlilərin uçotunun aparılmasında mövcud çatışmazlıqların aradan qaldırılması və illik hesabatların vaxtında hazırlanması barədə göstəriş verib.
Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2020-ci ilin aprelində mülki müdafiənin vəziyyətinin kompleks yoxlanılacağını deyib, bu istiqamətdə tövsiyələrini çatdırıb.
İclasda rəhbər heyətin oktyabr ayında keçirilmiş mülki müdafiə məşqləri və mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında qərargah rəislərinin məlumatları dinlənilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.