ELM VƏ TƏHSİL


AMEA ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 6 may, AZƏRTAC

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələri tərəfindən Almaniyanın müxtəlif təşkilatları ilə geniş əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb və bu əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Almaniya ilə elmi əlaqələrin neft-kimya prosesləri, rəqəmsal texnologiyalar, süni intellekt, maşınöyrənmə üsulları, biotibb, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə inkişaf etdirilməsinin önəminə toxunub və belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətini bildirib.

Gebhard Reul DAAD-ın Bakı Məlumat Ofisinin regional mərkəz kimi birləşdirildiyini və belə regional mərkəzlərin digər ölkələrdə də fəaliyyətə başladığını söyləyib. O, Almaniya və Azərbaycan arasında elm və təhsil əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını və DAAD təqaüd proqramlarının azərbaycanlı tələbə, alim və mütəxəssislərin mübadiləsini dəstəkləmək üçün davam etdirildiyini deyib. Qeyd edib ki, tədqiqatçılar üçün Almaniyada tədqiqat üçün qısa və uzunmüddətli fərdi təqaüd proqramları, həmçinin alman professorlarının Azərbaycanda tədrisi üçün dəstək proqramları mövcuddur və proqramlara ərizə qəbulu noyabr ayında başlanacaq.

Görüşdə fizika üzrə fəlsəfə doktoru dosent Rüstəm Rüstəmov DAAD-la kosmik tədqiqatlar istiqamətində əməkdaşlıq təcrübəsi haqqında məlumat verib, bu istiqamətdə əməkdaşlıq sənədinin imzalandığını bildirib və Almaniya-Azərbaycan elmi əlaqələrinin genişləndirilməsi üçün təkliflərini diqqətə çatdırıb.

Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva isə AMEA tərəfindən Avropanın müxtəlif elm və təhsil müəssisələri ilə həyata keçirilən müştərək tədqiqatlar haqqında məlumat verib. O, həmçinin ikili doktorantura proqramı üzrə uğurlu təcrübənin olduğunu, AMEA-da magistratura proqramının həyata keçirildiyini və məzunların dünyanın qabaqcıl təhsil müəssisələrində doktorantura təhsili aldığını deyib, alman professorların tədrisə cəlb edilməsi üçün DAAD proqramlarından istifadəni təklif edib.

Görüş zamanı tədqiqatçılara proqramlar və onlara müraciət qaydaları haqqında ətraflı məlumatın verilməsi üçün onlayn məlumat gününün keçirilməsi üzrə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.