ELM VƏ TƏHSİL
AMEA-nın Ədəbiyyat İnstitutu ilə Pekin Xarici Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Pekin Xarici Dillər Universitetinin (PXDU) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə PXDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə tədqiqatların aparılması, nəşr işləri, qarşılıqlı tədbirlərin təşkili və s. məsələlər əksini tapıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Akademik Azərbaycan-Çin elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində Azərbaycan-Çin elmi əlaqələrindən bəhs edib. Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiyanı birləşdirən “Dəmir İpək Yolu” funksiyasını yerinə yetirdiyini diqqətə çatdıran akademik bu layihənin Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olduğunu, həm də onu tamamladığını bildirib. Akademik “Bir kəmər, bir yol” strategiyasının təkcə iqtisadi əlaqələri deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkan yaradacağını bildirib. Bu ildən etibarən PXDU-da 12 azərbaycanlı tələbənin təhsil alacağını bildirən İ.Həbibbəyli elm və təhsil sahəsində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb, PXDU-da yaradılmış Azərbaycan dili kafedrasının, həmçinin Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Mərkəzinin işini yüksək dəyərləndirib.
Çin nümayəndə heyətinin rəhbəri, PXDU-nun rektoru, professor Pen Lon elm və təhsil sahəsində ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyini əminliklə vurğulayıb.
Görüşdə Azərbaycanın elm ocaqları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, kadr hazırlığı məsələləri müzakirə edilib.
Sonra AMEA-nın Ədəbiyyat İnstitutu ilə PXDU arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi İ.Həbibbəyli və P.Lon imzalayıblar.