ELM VƏ TƏHSİL


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə Şəki Regional Elmi Mərkəzinin birgə iclası keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri - Zeynal Əkpərov, Nuru Bayramov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və regional elm və təhsil müəssisələrinin təmsilçiləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar Şəki REM-in əsas binasında təşkil edilmiş sərgi, həmçinin mərkəzdə yaradılmış şəraitlə tanış olub, müxtəlif bitki növlərinin, sortlarının yetişdirildiyi və mühafizə olunduğu bağ sahəsinə baş çəkib, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar.

Sonra Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin akt zalında BTEB-in bürosu ilə Şəki REM-in birgə iclası keçirilib.

İclası akademik Əhliman Əmiraslanov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbərlik etdiyi müəssisənin son illərdəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas yekunları barədə məlumat verib. Bundan əlavə, Şəki REM-in strukturu, elmi-tədqiqat istiqamətləri, beynəlxalq və yerli təşkilatlarla əlaqələri, əldə olunmuş nailiyyətləri, kadr hazırlığı, genefond sahəsi və s. haqqında danışıb.

İclasda BTEB-ə daxil olan institutların Şəki-Zaqatala bölgəsində bu günə qədər apardıqları tədqiqatlar və gələcək planlar haqqında akademik İradə Hüseynovanın və AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun çıxışları dinlənilib. Həmçinin akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Nuru Bayramov, BTEB-in elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayev, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, mərkəzin şöbə müdiri, professor Firədun İbrahimov, “Şəki-İpək” ASC-nin direktorunun müşaviri Teymur Musayev və tibb elmləri doktoru Tofiq Mehdiyev çıxış edərək regionda sosial-iqtisadi inkişafa, insan sağlamlığına, yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına təsir edə bilən amillərlə bağlı fikirlərini səsləndiriblər.

Sonda çıxış edən Əhliman Əmiraslanov mövcud problemlərin həlli barədə tapşırıqlarını verib, müvafiq tədbirlərin layihələndirilməsinin, sistemli şəkildə və vaxtında icrasının vacibliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.