ELM VƏ TƏHSİL


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər. İclası giriş sözü ilə açan Ə.Əmiraslanov iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə Mikrobiologiya İnstitutunun direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, sintezi, tətbiq sahələri və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Müzakirədən sonra suallar cavablandırılıb. Məruzənin Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonra AMEA-nın ümumi yığıncağının “AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında” 2018-ci il 8 iyun tarixli qərarında göstərilən tapşırıqların icra vəziyyəti ilə bağlı müzakirə aparılıb. Bildirilib ki, bu istiqamətdə tədbirlər planına uyğun olaraq bir sıra işlər görülüb, digər qurumlarla layihələr hazırlanıb.

Gündəlikdəki növbəti məsələ AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında bağlanmış 2018-ci il 27 sentyabr tarixli niyyət sazişindən irəli gələn bəzi təxirəsalınmaz tədbirlərin görülməsi haqqında Rəyasət Heyətinin müvafiq qərarının icra vəziyyəti ilə bağlı olub. AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bölmənin elmi müəssisələrində bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Saziş ilə bağlı işlərin davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.

Tədbirdə Biologiya və Tibb Elmləri Bölməsinin və müvafiq institutların internet saytlarının mövcud vəziyyəti, AMEA-nın professorlarının bölmənin işində daha fəal iştirakları, universitetlərin bölmənin elmi müəssisələrindəki baza kafedralarının fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.