ELM VƏ TƏHSİL


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib. Onlayn formada təşkil olunan yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, birinci məsələ Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor Adilə Əvəz qızı Namazovanın anadan olmasının 95 illiyinin qeyd edilməsi ilə bağlı olub.

Akademik İradə Hüseynova görkəmli pediatr alimin həyatının, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinin əsas məqamlarını, tibb elminə və təhsilinə verdiyi töhfələr haqqında məlumatları toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Surxay Musayev, AMEA-nın müxbir üzvü Arif Məmmədov, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, akademik Məhərrəm Babayev, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Novruz Quliyev və başqaları akademik Adilə Namazova ilə bağlı xatirələrini danışıblar.

Çıxışlara yekun vuran akademik İradə Hüseynova ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin akademik Adilə Namazovanın tanınmış həkim və gözəl insan kimi şəxsi keyfiyyətlərinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinə verdikləri yüksək dəyərə diqqət çəkib.

Akademik deyib ki, xeyirxah və alicənab insan, görkəmli təbib və gözəl alim Ədilə Namazovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Növbəti məsələ AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 2021-ci il 9 iyul tarixli qərarı ilə bağlı bölmə institutlarının görməli olduqları işlərlə bağlı olub.

Sonra akademik İradə Hüseynova 27 sentyabr - Anım Günü ilə bağlı BTEB-in institutlarında tədbirlərin planlaşdırılması haqqında məsələni müzakirəyə çıxarıb və lazımi tapşırıqlarını verib.

Akademik İradə Hüseynova daha sonra AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 illik yubileyi və bununla əlaqədar AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif edilməsi haqqında iclas iştirakçılarına məlumat verib.

AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, BTEB-nin işində fəal iştirakına görə AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Vəli Qarayevin və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sübahət İsgəndərovun bölmənin fəxri fərmanı ilə təltif edilmələri, həmçinin AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Fidan Hüseynovanın və AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Fərhadovanın Fransa Respublikasının Monpelye Universitetində tədqiqat müddətlərinin uzadılması, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Güman Qarayevin Fransanın Qrenobl Politexnik İnstitutunda təhsil alması haqqında məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha sonra bir sıra kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sultan Hüseynovanın AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifəsinə, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalovun AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri vəzifəsinə təsdiq edilmələri ilə bağlı məsələlərə baxılaraq müsbət həll olunub.

İclasın sonunda Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrinin hazırlanması, işğaldan azad edilmiş ərazilərin tədqiqi və bərpası istiqamətində aparılan işlərlə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.