ELM VƏ TƏHSİL
AMEA-nın Botanika İnstitutu elmi fəaliyyəti ilə bağlı hesabat verib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun elmi şurasının Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elm müəssisəsinin direktoru, akademik Validə Əlizadə hesabat məruzəsi ilə çıxış edib.
Validə Əlizadə 2019-cu ilin institutun həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldığını söyləyib, Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) İctimai Birliyinin ilk ümumi yığıncağının keçirildiyi və yeni idarə heyətinin seçildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi fərman və sərəncamların, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər haqqında məlumat verib.
V.Əlizadə institutun elmi-tədqiqat işlərinin planına müvafiq 2 istiqamətdə 2 problem çərçivəsində 11 mövzunu əhatə edən 17 işin 50 mərhələsi üzrə elmi-tədqiqat işinin yerinə yetirildiyini bildirib, şöbə və laboratoriyalarda il ərzində əldə olunan əhəmiyyətli nəticələri diqqətə çatdırıb.
O, nəşriyyat işi, magistratura təhsili, doktorantura və dissertantura yolu ilə kadr hazırlığı, gənc mütəxəssislərin uğurları, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, eləcə də həyata keçirilən tədbirlər, maarifləndirici seminarlar, habelə xarici elmi səfərlər və s. haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, cari ildə institut üzrə nəşr olunan elmi əsərlərin ümumi sayı 85 olub. Həmçinin cari ildə 2 patent alınıb, ingilis dilində “Bitki və göbələk tədqiqatları” beynəlxalq jurnalının II-III nömrələri çapdan çıxıb.
Akademik Validə Əlizadə institut əməkdaşlarından üç nəfərinin Elm Günü münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif olunduğunu söyləyib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar edilib, təkliflər səsləndirilib, suallar cavablandırılıb.
İclasın sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Botanika İnstitutunun 2019-cu il üçün hesabatını müsbət qiymətləndirib.