ELM VƏ TƏHSİL
AMEA-nın Botanika İnstitutunun alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və həmin müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Aidə İbrahimovanın həmmüəllifi olduqları məqalə Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı (MTBT) tərəfindən hazırlanan "Samara" beynəlxalq jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 8-nə nail olmaq” sərlövhəli məqalədə ölkəmizin bitki və genetik müxtəlifliyinin qorunması üzrə xüsusilə endem, təhlükə altında olan və faydalı prioritet növlərin ex situ mühafizəsinə dair aparılan elmi-tədqiqat işlərinin nəticələri əks olunub. Tədqiqatlar Botanika İnstitutu ilə Minilliyin Toxum Bankı Tərəfdaşlığı arasında 2012-ci ildən başlayaraq Qafqaz florasının qorunması istiqamətində həyata keçirilən bir sıra layihələr çərçivəsində aparılıb.
Qeyd edək ki, jurnal MTBT-nin əməkdaşlıq etdiyi 70-dən çox ölkənin 300-dən artıq elmi təşkilatına göndərilir.