ELM VƏ TƏHSİL


AMEA-nın Fəlsəfə İnstitutunda ötən il 135 elmi-tədqiqat işi yerinə yetirilib

Bakı, 12 yanvar, AZƏRTAC 

AMEA-nın Fəlsəfə İnstitutunda il ərzində 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 135 elmi-tədqiqat işi yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu, Fəlsəfə İnstitutunun 2018-ci il üzrə illik hesabatında əks olunub.

İnstitutun əməkdaşları tərəfindən hesabat dövründə 18 monoqrafiya (4-ü xaricdə), 6 kitab, 2 broşür, 10 toplu, 3 dərs vəsaiti, 7 fənn proqramı, 467 məqalə və konfrans tezisləri (53 məqalə, o cümlədən 6 məqalə impakt faktorlu jurnallarda olmaqla xaricdə) dərc edilib.

Hesabatda institutun 2018-ci ildə əldə etdiyi mühüm nəticələr də açıqlanıb. Bunlardan biri “İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın toplusudur. Toplu Fəlsəfə İnstitutu ilə Ka' Foskari Venesiya Universitetinin birgə hazırladıqları Azərbaycan və italyan multikulturalizm modellərinə, maarifçilik problemlərinə, həmçinin mədəniyyətlərarası qarşılıqlı əlaqələrlə identikliyin formalaşması arasında bağlılığın analizinə həsr olunmuş məqalələrdən ibarətdir.

İkinci mühüm nəticə institutun şöbə müdiri, AMEA–nın müxbir üzvü Könül Bünyadzadənin “Muğam fəlsəfəsi” kitabıdır. Kitabda muğamın düşüncə tərzi kimi bir sıra əhəmiyyətli məqamlarına, eləcə də multikultural mahiyyətinə aydınlıq gətirilir.

İnstitutun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərovun “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabında isə XIX əsr Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və tanınmış nümayəndələrindən bəhs olunur, türk mədəniyyəti, ədəbiyyatı və tarixi, eləcə də Azərbaycan türk fəlsəfəsinin ümumtürk fəlsəfəsində yeri geniş şəkildə araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.