ELM VƏ TƏHSİL


AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi hesabat verib YENİLƏNİB

Bakı, 16 yanvar, P.İmanova, AZƏRTAC

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər haqqında məlumat verib.

A.Əlizadə 2018-ci ilin ölkəmiz üçün müxtəlif sahələrdə uğurlu olduğunu söyləyib. Qeyd edilib ki, ötən il AMEA-nın institutları və müxtəlif elmi-tədqiqat müəssisələri üçün bir sıra nailiyyətlərlə yadda qalıb. Belə ki, akademiyanın müxtəlif institutlarında fundamental elm istiqamətində tətbiqi tədqiqatlar aparılıb və innovasiya elminin inkişafında mühüm nəticələr əldə olunub.

Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin institutlarında müxtəlif istiqamətlərdə əldə olunmuş mühüm nəticələr haqqında alimlər məlumat veriblər.

İclasda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun həyata keçirildiyini bildirib.

Bir sıra statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 83 mövzu üzrə 329 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 148 iş artıq tamamlanıb. Bölmə üzrə ümumilikdə 76 qrant alınıb, onlardan 25-i xarici ölkələrdən alimlərlə birgə əldə olunub. Həmçinin bölmənin müəssisələri 22 patent alıb”. 2018-ci ildə alimlərin 1156 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 713-nün “Scopus” və “Thomson Reuters” bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. O, əməkdaşların əsərlərinə 11689 istinadın olunduğunu söyləyib.

İclasda qeyd edilib ki, bölmədə kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə və yüksək enerjilər fizikası, harmonik və qeyri-harmonik analiz, optimal idarəetmə nəzəriyyəsi, qeyri-xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırılmasının kompüter texnologiyaları, deformasiya olunan bərk cisim, maye və qaz mexanikasının nəzəri və tətbiqi problemləri, idarəetmədə identifikasiya texnologiyaları, siqnalların tanınması və texniki diaqnostika sistemləri, qəzaların monitorinqi və proqnozlaşdırılması sistemləri, intellektual qərar qəbuletmə texnologiyaları, süni intellekt texnologiyaları və sistemləri, idarəetmənin nəzəri problemləri, teletrafik nəzəriyyəsi, texniki obyektlərin, ekoloji, sosial-iqtisadi proseslərin modelləşdirilməsi yönündə tədqiqatlar aparılıb. Həmçinin Big Data analitikası texnologiyalarının aktual elmi-nəzəri problemləri, informasiya təhlükəsizliyinin təmin olunması problemləri, bulud texnologiyaları, elektron dövlətin formalaşması problemləri, elektron elmin, elektron tibbin formalaşmasının elmi-nəzəri problemləri, proqram mühəndisliyinin, elmmetriyanın elmi-nəzəri problemləri, informasiya və bilik iqtisadiyyatının, internetşünaslığın formalaşmasının müxtəlif aspektli problemləri, kiberfiziki sistemlərin tədqiqi, elektron təhsilin elmi-nəzəri problemləri və s. istiqamətlərdə mühüm işlər görülüb. Bundan başqa, süni intellekt və sosioinformasiya texnologiyaları, terminoloji informatikanın formalaşması problemləri, radiasiya materialşünaslığı və radiasiya texnologiyaları, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, radiobiologiya və ekoloji təmiz energetika, səma cisimlərinin fizika və dinamikası, molekulyar və hüceyrə biofizikası texnologiyaları və onlarda gedən proseslərin riyazi modelləşdirilməsi kimi elmi istiqamətlərdə tədqiqat işləri aparılıb və bir sıra mühüm elmi nəticələr əldə edilib.

Hesabat ilində elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan N.Məmmədov bildirib ki, hazırda bölmədə 60 doktorant təhsil alır. Ötən il doktoranturaya 13 yeni doktorant qəbul olunub, 19 doktorant isə təhsilini başa vurub.

Ötən il bölmənin bütün institutlarında magistraturaya qəbulun keçirildiyini deyən bölmə rəhbəri 24 magistrantın qəbul olduğunu, hazırda 46 magistrantın təhsil aldığını bildirib. N.Məmmədov onu da əlavə edib ki, ali təhsil müəssisələrinin 200-dən çox müəllim və tələbə heyəti il ərzində institutlarda ixtisasartırma və istehsalat təcrübəsi keçib. Bölmənin alimləri həm respublikamızın, həm də bir sıra xarici ölkələrin universitetlərində professor kimi pedaqoji fəaliyyətlə məşğul olur, mühazirələr oxuyur, ixtisas kursları aparır, bakalavr və magistr işlərinə elmi rəhbərlik edirlər.

İclasda vurğulanıb ki, e-elm və e-təhsilin şəbəkə infrastrukturları – AzScienceNet və AzEduNet inteqrasiya olunub, internet (GEANT) şəbəkəsinə çıxış təmin edilib və beləliklə, Azərbaycan alimlərinin Avropanın elm və təhsil qurumları ilə onlayn əməkdaşlıq üçün geniş imkanlar yaranıb.

Akademik-katib, həmçinin bölməyə daxil olan elmi müəssisə və təşkilatların maddi-texniki bazasının yenilənməsi və informasiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib.

Hesabat məruzəsində beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi, Azərbaycan və ingilis dillərində çap olunmuş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin nəşr edildiyi bildirilib. Qeyd edilib ki, hesabat ilində bölmə əməkdaşlarının 2-si xaricdə olmaqla 10 monoqrafiyası, 8-i xaricdə olmaqla 19 kitabı, 16 dərslik və 17 elmi-kütləvi nəşri işıq üzü görüb.

Bölmənin beynəlxalq əlaqələrinin genişlənməsi xüsusilə diqqətəlayiq olub. Bölmənin institutları xarici ölkələrin 200-dən artıq tanınmış elm və təhsil qurumu ilə əməkdaşlıq əlaqələri qurub, birgə tədqiqat işləri və layihələr icra ediblər. Hazırda Azərbaycanın 20 alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır. BNTİ ilə birgə tədqiqat aparan alimlərin əksəriyyəti BNTİ metodikası əsasında tədqiqatlarını AMEA-nın institutlarında aparır və qısamüddətli ezamiyyətlər çərçivəsində Dubnaya səfər edirlər.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr akademiyanın illik hesabatına daxil edilib. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.