ELM VƏ TƏHSİL


AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında prioritet məsələlər müzakirə olunub

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev gündəlikdəki məsələləri diqqətə çatdırıb. AMEA-nın ötən il dekabrın 28-də keçirilmiş ümumi yığıncağını xatırladan alim tədbirdə bir sıra islahatların aparılmasına dair mühüm qərarların qəbul olunduğunu bildirib. Qeyd edib ki, qərarlara əsasən AMEA-nın Nizamnaməsində dəyişiklik edilib, Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçilib, həmçinin elmi bölmələrin akademik-katibi vəzifələri ləğv edilib və bölmələrə rəhbərlik vitse-prezidentlərə həvalə olunub. O, bölmə bürolarının da ləğv edildiyini və elmi şuraların yaradılmasının qərara alındığını bildirib.

Akademik R.Əliquliyev ümumi yığıncaqda müasir dövrün elmi-texnoloji və innovativ çağırışlarına söykənən, süni intellekt texnologiyalarının geniş tətbiqini, eləcə də fundamental elmi istiqamətlərin balanslaşdırılmasını nəzərdə tutan “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul olunduğunu söyləyib. Alim proqrama əsasən müəssisələr qarşısında elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanması və elmi fəaliyyətin qiymətləndirilməsi kimi mühüm vəzifələrin qarşıya qoyulduğunu vurğulayıb.

Qeyd edilib ki, elmi idarəetmə və maliyyələşdirilmənin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının sürətləndirilməsi, akademiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin inkişafı, azərbaycançılıq ideologiyasına aid məsələlərin dərindən araşdırılması, eyni zamanda, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması da AMEA-da aparılan islahatların prioritet istiqamətlərini təşkil edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında çevik, adaptiv struktur mexanizmlərinin işlənilməsi üçün aparılan islahatlarda beynəlxalq təcrübənin əsas götürüldüyünü deyən R.Əliquliyev Rəyasət Heyəti aparatında bir sıra struktur dəyişikliklərinin edildiyini diqqətə çatdırıb. O, akademiyada son zamanlar bir sıra səlahiyyətli dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini söyləyərək, AMEA ilə müvafiq dövlət qurumları arasında yeni istiqamətdə əməkdaşlıq əlaqələrinin təşkili və inkişaf etdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti bölmənin Rəyasət Heyətinin yanvarın 15-də keçirilmiş iclasında təqdim olunmuş hesabatından da bəhs edib. Bildirib ki, iclasda bölməyə daxil olan elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədqiqat qurğuları və elmi-texniki avadanlıqların yenilənməsi, əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiq edilməsi, elmi məhsulların kommersiyalaşdırılması və digər məsələlərin normativ hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsinə dair qərarlar qəbul edilib.

Daha sonra tədbirdə Rəyasət Heyətinin qərarına əsasən, cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflərin bölmə üzvləri tərəfindən irəli sürülərək Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tədbirdə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribovun Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə üzv seçilməsi üçün səsvermə baş tutub və nəticələr təsdiq olunub.

Akademik A.Qəribov çıxışında iclas iştirakçılarına fəaliyyəti barədə ətraflı məlumat verib. Alim ona göstərilən etimadı doğruldacağını və bölmənin fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Sonra akademik R.Əliquliyev çıxış edərək bölmədə gedən proseslərin müzakirə olunması və müvafiq qərarların qəbul edilməsi baxımından elmi şuranın fəaliyyətinin önəmli olduğunu bildirib, şuraya üzvlərin seçilməsi üçün seçkilərin keçirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra sədri akademik Məhəmməd Mehdiyev, müavinləri isə AMEA-nın müxbir üzvləri Əyyub Quliyev və Ağası Məlikovdan ibarət seçki komissiyası yaradılıb.

Keçirilən səsvermənin nəticələrinə əsasən, akademiklər Cavad Abdinov və Yusif Məmmədov müavin olmaqla, 13 nəfərdən ibarət bölmənin elmi şurası formalaşıb. Şuranın üzvləri siyahısına akademiklər Rasim Əliquliyev, Nazim Məmmədov, Telman Əliyev, Arif Həşimov, Fikrət Əliyev, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov və Namiq Cəlilov daxil ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.